"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.
gundemxeber.az-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Bu arenada "Qarabağ" oktyabrın 4-də İngiltərənin "Arsenal", oktyabrın 25-də Ukraynanın "Vorskla" komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 20:55-də başlanacaq. Noyabrın 29-da isə Ağdam klubu Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Bu oyunun start fiti isə saat 21:55-də çalınacaq.
Səfər oyunlarına gəldikdə, "Qarabağ" sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda "Sportinq"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda "Vorskla", dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı "Emirates" stadionunda "Arsenal" ilə üz-üzə gələcək. Bu oyunlar isə Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.
Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bununla əlaqədar "Qarabağ"ın ev oyunları arenasının dəyişdirilərək BOS-a salınacağı istisna deyil.
Sorğu
Yeni dizaynımız necədir?