Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
İlk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə son iki mövsümün debütantları "Sabah" və "Səbail" klubları üz-üzə gələcək. Hazırda "Sabah" 10 oyundan 16 xalla 4-cü, "Səbail" isə 17 xalla 3-cü pillədə qərarlaşıb. Bu ilin yeni komandası qalib gələcəyi halda, 3-cü pilləyə yüksələcək. Premyer Liqada ötən mövsümdən mübarizə aparan "Səbail" isə qələbə qazansa, ən azı bir günlük 2-ci pilləyə qalxacaq. Bu kollektivlər arasında yeganə qarşılaşma ilk dövrəyə təsadüf edib. Həmin matçda qapılara qol vurulmayıb - 0:0.
Günün digər matçında lider "Neftçi" ilə autsayder "Zirə" üz-üzə gələcək. Hazırda 25 xalla 1-ci pillədə gedən flaqmanla sonuncu mövqedəki qəsəbə təmsilçisi arasında 20 xallıq fərq mövcuddur. Samir Abasovun baş məşqçi təyinatından sonra da sabit nəticələr göstərə bilmən "Zirə"ni bugünkü qarşılaşmada yalnız qələbə qane edə bilər. Bu halda sonuncu pillədən qurtulmaq mümkün olacaq. "Ağ-qaralar" isə ev oyununda qələbə qazansa, turu ən yaxın izləyicisi "Qarabağ"dan ən azı 5 xalla öndə bitirəcək.
İndiyədək "Neftçi" və "Zirə" komandaları çempionatda 13 dəfə üz-üzə gəlib. Bunlardan 2-də flaqman, 8-də qəsəbə təmsilçisi qalib gəlib, 3 görüş heç-heçə yekunlaşıb. Topların nisbəti 16:9 "Zirə"nin xeyrinədir. Lakin “Zirə” son 2 oyunda xal, 3 matçda qələbə qazanmayıb. “Neftçi” isə bu komandaya indiyədək öz meydanında qalib gəlməyib. Yəni, "ağ-qaralar" meydana bugünkü rəqibi üzərində ilk ev qalibiyyəti üçün çıxacaqlar.
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”
Qeyd edək ki, tura noyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Keşlə" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq. Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?