Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sabiq sədri, Gender Hub Platformasının təsisçisi Məryəm Məcidova 60 peşəkar təlimçi arasından Avropa Gənclər Forumunun Təlimçilər Bazasına 2 illik müddətə seçilmişdir. Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu 1996-cı ildə yaradılmışdır və qitənin ən böyük gənclər təşkilatlarını özündə birləşdirir. Forumun əsas məqsədi Avropada fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatlarının və gənclər təşkilatları milli şuralarının şəbəkələşməsini təmin etmək, onların təlim və maarifləndirilməsini təşkil etmək və Avropa məkanında gənclərin maraqlarını təmsil etməkdir. Forum Avropa İttifaqı, Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlarda gənclərin hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Forumun nəzdindəki təlimçilər və ekspertlər bazası 2 ildən bir yenilənməklə gənc mütəxəssisləri bir araya toplayır. GundemXeber.Az bildirir ki, Məryəm Məcidova Avropa Gənclər Forumunda təmsil olunacaq ilk azərbaycanlı təlimçi olacaq. Məryəm Məcidovanın portfoliosunda aşağıdakı təlim mövzuları öz əksini tapır: gənclər siyasəti və gənclərlə iş, gənclərin iştirakçılığı, beynəlxalq dialoq və əməkdaşlıq, layihələrin idarə olunması, gender əsaslı zorakılıq, gender stereotipləri və s.
Ətrafında 130-dan çox gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gəncimizin bu uğurunu alqışlayır və gələcəkdə gənclərin beynəlxalq səviyyədə təmsilçiliyini dəstəkləməkdə davam edəcəkdir.
Sorğu
Yeni dizaynımız necədir?