"Azarkeşlərin stadiona buraxılması üçün hansısa müraciət etməyə ehtiyac yoxdur. Hamı bilir ki, azarkeşsiz futbol elə də maraqlı deyil. Avropa çempionatına hamımız baxırıq, oradakı dolu tribunalarla, azarkeşsiz matçların fərqinə diqqət yetirək. Məncə, onlarsız futbol düzgün deyil".
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan klublarının avrokubok matçlarına azarkeşlərin buraxılma ehtimalı barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis bildirib ki, bu məsələdə klublardan asılı olmayan nüanslar var: "İnsanların sağlamlığını qoruyub saxlamaq və bəzi qaydalara da riayət etmək lazımdır. Hər halda mən də çox istəyirəm ki, azarkeşləri stadiona buraxsınlar, futbolçular basqını, tələbləri yenidən canlı hiss etsinlər və meydanda öz potensiallarından artığını göstərməyə gücləri olsun. Ümid edək ki, Avropa çempionatına azarkeşlər buraxılması bizim oyunlarda da fanatların iştirakına kömək edəcək".
Qeyd edək ki, Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın rəqibi İsrailin "Aşdod" komandasıdır. Ağdam təmsilçisi ilk oyununu iyulun 22-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.
Nazirlər Kabineti yanında Operativ Qərargah Avropa çempionatının Bakı Olimpiya Stadionundakı 4 oyununa tamaşaçı tutumunun 50 faizi həcmində azarkeşlərin buraxılmasına icazə verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?