Türkiyə XİN məxfi audio yazının yayılmasına kəskin münasibət bildirib
Ötən gün Türkiyə hökumətinin bəzi nümayəndələri və ordu təmsilçisinin danışıqlarını əks etdirən audio yazının mediada yayılmasına Xarici İşlər nazirliyi münasibət bildirib. "gundemxeber.az"ın xəbərinə görə, açıqlamada bildirilib ki, audio yazı təhrif edilərək yayılıb. “Suriyada davam edən müharibənin ölkəmiz üçün yaratdığı risk və təhlükələrin dəyərləndirilməsi, bu təhlükələr qarşısında görüləcək tədbirlərin müzakirəsi, bu çərçivədə Suriyada olan vətən torpağı Süleyman şah “Saygı” polis bölməsinin məruz qaldığı təhlükələrin müzakirəsi məqsədilə, milli təhlükəsizliyimizdən məsul olan əsas şəxslərin iştirakı ilə keçirilən toplantının audio yazısı bu gün (dünən) mətbuat vasitəsi ilə təhrif edilərək yayılıb. Bəzi terrorçu ünsürlərin təhlükəsinə məruz qalmış vətən torpağını lazım gələndə müdafiə məqsədi ilə əlaqədar qurumlar arasında dəyərləndirilmələr aparılması dövlətin əsas vəzifələri arasında olan təbii bir haldır. Həmin toplantıda, Türkiyənin hər hansı bir təhlükə qarşısında Süleyman şah “Saygı” polis bölməsini müdafiə istiqamətində söz sahibi olduğu, bölmənin və orda fəaliyyət göstərən heyətin təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atacağı təsdiqlənib”. Türkiyə XİN rəsmilərinin açıqlamasında bunun casusluq fəaliyyəti olduğu və bunu həyata keçirənlərin ölkənin düşmənləri olduğu vurğulanıb. “Xarici İşlər Nazirliyi kimi dövlətin həssas təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir məkanda keçirilən belə məxfi bir toplantının izlənərək müzakirələrin ictimaiyyətə açıqlanması Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş alçaqca bir hücum, cəsusluq fəaliyyəti və böyük bir cinayətdir. Bu hadisə ölkəmizin məruz qaldığı kiber və elektronik hücum təhlükəsinin böyüklüyünü nümayiş etdirir. Bunu edən xəyanət şəbəkələri dövlətimizin və millətimizin düşmənləridir”. Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, ordu generalı Yaşar Gülər, Türkiyə Dövlət Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və xarici işlər nazirliyinin müşaviri Feridun Sinirlioğlunun məxfi danışıqlarını əks etdirən dialoq ötən gün “You-Tube”nin video paylaşımı portalında, habelə bir çox mətbu orqanda yayılımışdı. Bundan sonra ölkədə “You-Tube”nin istifadəsinə məhduiyyət qoyulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?