Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə görüşdə hərbi çevrilişə cəhd zamanı verdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.
"Prezident hərbi çevrilişə cəhd zamanı demokratiya, qanunun aliliyi və azadlığa verdikləri dəstəyə görə partiya liderlərinə təşəkkürünü bildirib. Görüş iştirakçıları razılaşıblar ki, ölkədə fövqəladə vəziyyət dövründə bütün ziddiyyətlər aradan qaldırılmalı və sabitlik naminə dialoq aparılmalıdır", deyə İ.Kalın bildirib.
Bu gün prezident Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüşüb.
Görüşdə Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Binəli Yıldırım da iştirak edib.
Sorğu
Yeni dizaynımız necədir?