Amerika 10 il əvvəl oğurlanan qadını qəhrəman kimi salamladı 2003-cü ildə özünün doğum günündə itkin düşən 17 yaşlı Amanda Berry tapılıb. Klivlend şəhərindəki bir evdə dustaq saxlanan bu qız oğurlanmış daha iki nəfəri də xilas edib. Amanda Berry dustaq saxlandığı evin qapısını sındırandan sonra yaxınlıqdan keçən qonşunu köməyə çağırıb və «911» təcili yardım xidmətinə aramsız zəng edib. Məktəb avtobusu sürücüsünün evində məhbus həyatı sürən daha iki itkin - Gina DeJesus və Michelle Knight da, beləcə, xilas olublar. İndi 23 yaşı olan Gina DeJesus 2004-cü ildən itkin sayılırdı. 32 yaşlı Michelle Knight-ın isə 11 il əvvəl evdən qaçdığı güman edilirdi. Evin sahibi 52 yaşlı Ariel Qastro və onun qardaşları – 54 yaşlı Pedro və 50 yaşlı Oneil həbs ediliblər. Klivlend polis rəisinin müavini Ed Tomba mətbuat konfransında deyib ki, Amanda bu hadisənin şəksiz qəhrəmanıdır. Federal Təhqiqatlar Bürosunun Klivlend bölməsinin rəhbəri «məşəqqətə son qoyulduğunu» söyləyib. Bununla belə, polisin özü bir çox müəmmalı suallara cavab verməli olacaq. Axı bu üç nəfər eyni yerdə – Ariel Qastronun evindən 5-6 km aralıda yoxa çıxıb. O vaxt, yəni 2004-cü ildə Qastronun qızı bildirmişdi ki, o, DeJesus-u sağ görən sonuncu adamdır. Hazırda qadınların üçü də xəstəxanada xroniki su və qida çatışmazlığından müalicə olunur. Xanım Berry tək deyil. 6 yaşlı qızı da yanındadır. Belə güman edilir ki, uşağın atası elə həmin Qastrodur. Ən son bilgilərə görə, oğurlanmış qadınların saxlandığı zirzəmidə zəncirlər tapılıb. Bir zəncirin üzərində «Allah rəhmət eləsin» lövhəsi də asılıbmış. Dustaq qadınların dəfələrlə hamilə qaldıqları barədə də məlumatlar var. Polis 2004-cü ildə bir uşağın «yaddan çıxaraq» onun sürdüyü avtobusda qaldığını üzə çıxarandan sonra Ariel Qastronun evinə baş çəkdiyini təsdiqləyib, amma bildirib ki, o vaxt Qastrodan uşaq oğrusu kimi şübhələnməyə ciddi əsas tapılmayıb. Qastronun bu iddia ilə razı olmayan 2 qonşusu «The Daily Telrgraph» qəzetinə bildiriblər ki, onlar, artıq bir neçə ildir, yanlarındakı evdən çığırtı səslərinin gəlməsi barədə polisə dəfələrlə şikayət ediblər. Bütövlükdə götürəndə, Ariel Qastro qonşuluqda sakit və xeyirxah bir adam kimi tanınırmış və tez-tez «nəvəsi» ilə birlikdə qonşuların təşkil etdiyi pivə və kabab məclislərinə qoşulurmuş. Qonşulardan heç biri Qastronun yanındakı balaca qızın onun nəvəsi yox, evində dustaq kimi saxladığı Amandanın övladı olduğundan şübhələnməyibmiş. Qastro onlara deyərmiş ki, bu, onun qızının övladıdır və qızı, uşağını öldürməyə cəhd göstərdiyi üçün həbsxanada yatır. Azı 3 qız atası olduğu söylənən Qastro 1993-cü ildə məişət zorakılığına görə həbs olunsa da, ona qarşı cinayət işi qaldırılmayıb. Qastronun 31 yaşlı jurnalist oğlu Anthony DeJesus-un itməsi barədə 2004-cü ildə yerli qəzet üçün geniş bir məqalə də yazıbmış. Lakin o, qadınları atasının həbsdə saxladığını bilmədiyini söyləyib. Ariel Qastro ötən ilin noyabrında sürdüyü avtobusu qadağan olan yerdə döndərdiyinə görə işdən qovulub. O, ötən həftə özünün Facebook səhifəsində nədənsə bu sözləri yazıb: «Möcüzələr doğrudan da baş verir. Allah mərhəmətlidir». Zülfüqar Rüfətoğlu
Sorğu
Yeni dizaynımız necədir?