19 il əvvəl İstanbulda tanış olduğu yoldaşı Necmi ilə evlənən Esra Özdin 17 avqust zəlzələsindən sonra Kırklarelinin Beypınar kəndinə köçüb.
Ailə büdcəsinə dəstək üçün uzun müddət qaz bəsləməyi düşünən Özdin Qida Əkinçilik və Heyvandarlıq Nazirliyi tərəfindən başladılan proqrama qatıldı. Kənd təsərrüfatında Qadın sahibkarlığının gücləndirilməsi proqramı çərçivəsində təqdim etdiyi layihədən 30 min lirə dəstək almağı bacardı. Özdinin “Qazı Qazan” layihəsi 2015-ci ildə Türkiyədə birinci seçildi.
Uğurlu hekayəsi ilə hər kəsin rəğbətini qazanan Özdin, ildə yetişdirdiyi 350 qaz ilə həm ailə büdcəsinə, həm də kəndin iqtisadiyyatına töhfə verir.
Sahibkar qadın İstanbuldan kəndə köçərkən, yaxın ətrafındakıların “sən İstanbulda doğuldun, kənddə bacarmazsan” dediklərini xatırladır. Kənddə yaşamaqdan çox xoşbəxt olduğunu bildirən Özdin, üç qaz ilə başlayan xəyallarının onu istədiyi yerə apardığını deyir: “İldə 350 ədəd qaz yetişdirirəm. Bunların hamısını kəndimizə gələn yerli və xarici turistlərə yemək şəklində təqdim edirəm. Bu anda inanılmaz bir müştəri potensialı var. Önümüzdəki il istehsalı artırmağı planladıq. Xüsusilə, Bolqarıstan, Kırklareli və İstanbuldan gələn sifarişləri çatdıra bilmirik. Mən İstanbulda doğuldum və böyüdüm. 18 il əvvəl kəndə gəldim, mənə bu anda hər kəs qibtə edir, şəhərdən gəlib kənd həyatına alışmaq mənim üçün asan oldu. Artıq kənd çörəyi hazırlayıram, bağçamda pomidor, bibər yetişdirirəm, bir də qaz yetişdirərək iş qadını oldum. ”
Layihəsi ilə kəndlərinin adını da məşhurlaşdırdığını deyən Özdin danışır ki: “Bu layihə ilə kəndimizin qədəri dəyişdi. Bizim yalnız qadın, yoldaş, ana olaraq deyil, həm də mədəni, sosial, iqtisadi sahədə bir yerimiz olduğunu sübut etmək istəyirəm. Kənddə yaşayan qadınların məni nümunə almalarını istəyirəm. Kənd həyatı çox da çətin deyil. Məni izləyən hər kəs görəcək ki, uğurlu işlərə imza atacağam. ”
Özdinin əri Necmi Özdin isə həyat yoldaşının uğuru ilə qürur duyduğunu bildirir. Qadınların əlinin dəydiyi hər işdə bir uğur və hüzur olduğuna inandığını ifadə edən Özdin, evdəki rollarının dəyişdiyini, yoldaşının rəis, özünün də onun köməkçisi olduğunu vurğulayır.
Sorğu
Yeni dizaynımız necədir?