Exit-poll: Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür
Ermənistanda dünən keçirilən və kütləvi saxtakarlıqla müşaiyət olunan parlament seçkilərinə dair səsvermənin başa çatmasından az sonra Yerkir Media telekanalının sifarişi ilə keçirilən exit-poll nəticələri açıqlanıb. Nəticələrə əsasən hakim Respublika partiyası 46 faiz səslə birincidir. İkinci yeri oliqarx Qaqik Tsarukyanın “Tsarukyan” seçki bloku tutur-25 faiz. Üçüncü yerdə isə deputat Nikol Paşinyanın “Çıxış” blokudur. Bu blokun 10 faiz səs yığaraq seçki blokları üçün nəzərdə tutulmuş baryeri keçdiyi proqnozlaşdırılır. “Daşnaksütun” və “Erməni dirçəlişi” partiyaları isə hərəyə 5 faiz səs yığıb. Exit-poll nəticələri təsdiqlənsə bu partiyalar da parlamentdə təmsil olunacaq. Çünki partiyalar üçün seçki baryeri 5 faizdir. Keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi “Ohanyan-Raffi-Oskanyan” seçki bloku və Levon Ter-Petrosyanın sülh şüarı ilə seçkilərə qatılmış “Erməni Milli Konqresi-Xalq partiyası” bloku isə 3 faiz səsə ümid edə bilər. Onların parlamentdə təmsil olunmaq şansı yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?