"Putin qorxduğu haqda şübhələri dağıtmaq üçün uğurlu hərbi əməliyyat keçirməlidir" - TƏHLİL
Prezident Donald Tramp Suriya hökumət ordusunun aerodromuna cəmi bircə raket zərbəsi ilə digər tərəflərin zəifliyini nümayiş etdirə bildi, lakin bu zaman bəyan olunmuş və İŞİD-in darmadağın edilməsindən ibarət məqsədin əldə edilməsində ləngiməyə yol verdi. “Şayrat” hərbi aerodromuna raket zərbəsi Kremlin Trampa hansısa şəkildə nəzarət etdiyi və yaxud Amerika prezidenti haqda ifşa materialına malik olduğu haqda versiyanı tamamilə rədd etməlidir. Şantajçının qarmağında olan adam heç vaxt bu cür addım atmazdı. Bundan başqa, ABŞ raket zərbəsindən sonra Rusiyanın davranışını bunun yalnız öz hərbçilərini aerodromdan təxliyə edən (və Əsədə xəbərdarlıq edən) Kremlin bəyəndiyi PR-gediş olduğu haqda hazırda geniş müzakirə olunan versiyanın təsdiqi saymaq da olmaz. Bu nəzəriyyəyə əsasən, Trampla Kreml arasındakı gizli razılaşma, həmçinin bunun nəticəsi olmuş raket zərbəsi Tramp komandası ilə Rusiya arasında ehtimal olunan əlaqələrin araşdırılmasının intensivliyini azaltmağa və ölkələr arasında gələcək əzəmətli sövdələşməyə gedən yoldakı maneələrin bir qismini aradan götürməyə imkan verəcək. ABŞ-ın rusiyalıların təhlükəsizliyini təmin etmək üçün gördüyü tədbirlər nəzərə alınmaqla ilk baxışdan Rusiya sanki bu zərbəyə ayrıca bir insident kimi yanaşmağa hazır idi. Türkiyənin vurduğu Rusiya bombardmançısındansa, bu insidenti bağışlamaq xeyli asandır. Təbliğat qaynaqları təkid edir ki, Rusiya Şayratı müdafiəyə cəhd etməyib, çünki Rusiya hərbçilərini heç nə təhdid etmirdi. Bundan savayı, Əsəd rejiminin hərbi potensialı da çox güclü ziyan çəkməyib. Lakin gözlənilən antiamerika ritorikası və Əsəd rejiminin kimyəvi silah işlətdiyinin inkarından tamamilə uzaqlaşsaq, Rusiya Xarici İşlər Nazirliyinin aprelin 7-də cümə günü verdiyi bəyanat çox mühüm bir məqamı ehtiva edir. Onda deyilir ki, Rusiya Suriya əməliyyatının gedişində aviasiya uçuşunun təhlükəsizliyi təminatı və insidentlərin önlənməsi haqda 2015-ci ildə ABŞ-la bağlanmış Memorandumun fəaliyyətini dayandırır. Bu memorandumda pilotlar üçün protokollar, yaxınlaşma anlarında və yerdə kommunikasiya üçün tezliklərin istifadəsinə tələblər var idi. Bu, təkcə Trampın hakimiyyətə gəldiyi andan əhatəsi genişləndirilmiş konkret sənədin deyil, həm də Amerika və Rusiya hərbçilərinin Suriyada son bir neçə ayda yoluna qoyduğu əməkdaşlığının genişləndirilməsi dövrünün sonudur. Başqa sözlə, Moskva ABŞ-ın ünvanına çətinliklə gizlədilə biləcək xəbərdarlıqla çıxış edib: bu andan başlayaraq təyyarələriniz hücum üçün potensial hədəfə dönür. Amerika pilotlarının Suriya və Rusiya HHM sistemindən çəkinməsi gərək deyildi, çünki hesab olunurdu ki, ABŞ-ın bütün missiyaları Suriya hökumətinə qarşı deyil, İŞİD güclərinə qarşı yönəlib. Əsəd rejimi hətta indi də Amerika təyyarələrinə hücum etməyə cürət etməzdi, lakin Rusiya Suriyada hərbi obyektlərini qorumaq üçün S-300 və S-400 sistemləri düzüb. Rusiya uçuşun təhlükəsizliyi məsələsində ABŞ-la əməkdaşlığı kəsməyə həqiqətən hazırdırsa, böyük toqquşma ehtimalı ciddi şəkildə artır. Putin ABŞ-la açıq münaqişəni özünə rəva bilərmi – bu, başqa məsələdir. Lakin hazırda ABŞ-la müharibə aparmaq üçün Rusiyanın hərbi gücü yetərsizdir, Putin isə o qədər də qəddar və ağılsız deyil ki, nüvə raketlərini buraxsın. Kreml hesab edə bilər ki, simasını qorumaqdan ötrü necə cavab verməkdən özgə variantı yoxdur. Putinin opponentləri artıq coşğun şəkildə sevinirlər ki, Rusiya HHM sistemi Amerikanın Şayrata zərbəsini dəf edə bilməyib. “Bu, Putinin bütün avantürasının tam iflasıdır, – Putinin qətiyyətli tənqidçisi Andrey Piontkovski Ukraynanın "InfoResist” nəşrinə müsahibədə deyib. – Bəs müdafiə və XİN-in məlumatına görə, Suriya aerodromlarını Amerikanın qanadlı raketlərindən qorumaq üçün qoyulmuş məşhur S-300, S-400 sistemləri haradadır?” Cümə günü zərbə haqda xəbərlər fonunda rublun kursu aşağı düşüb ki, bu da Rusiyanın zəifliyinin etirafının əksi olub. Rusiyanın Suriyada yerləşdirdiyi HHM sistemləri bu bölgədə yerləşən Amerika gəmilərinin tammiqyaslı və davamlı raket hücumunun qabağını ala bilməz. Suriyanın bütün ərazisini qorumaq üçün bunlar bəs etmir və ABŞ-dan “Tomaqavk” qanadlı raketlərinin tədarükündənsə döyüş ehtiyatlarının çatdırılması Rusiyadan daha çox səylər tələb edir. Lakin Putinin Suriya münaqişəsinə müdaxiləsinin vəzifələrindən biri Yaxın Şərqin potensial silah alıcıları üçün silahların nümayişi, həmçinin böhran məqamlarında dəstəyə hazır olan Rusiyanın etibarlı tərəfdaş obrazının möhkəmləndirilməsi idi. Rusiya cavab zərbəsi endirməkdə Əsədə yardım etməsə, bu hədəflər nüfuzdan düşəcək. Putin 2014-cü ildə Krımın ilhaqı anından bəri hər üsulla göstərməyə cəhd edirdi ki, geri çəkilmək niyyətində deyil. İndi hadisələri Tramp sürətləndirir. 2018-ci il prezident seçkilərinə cəmi bir il qalmış geri çəkilməyi çətin ki Putin üçün məqbul fəaliyyət variantı saymaq mümkün olsun. O, artıq Şayrata hücumu “beynəlxalq hüququn pozulması” adlandırıb. Çox güman ki, Putin hazırda üsyançılardan ərazilərin döyüşlə geri alınmasında Əsəd rejiminin cəhdlərinə dəstəyi gücləndirməyi zəruri sayacaq. Qorxduğu haqda şübhələri dağıtmaq üçün ona hansısa bir uğurlu hərbi əməliyyat keçirtmək lazımdır. Burada təhlükə bundan ibarətdir ki, ola bilsin, Tramp əldə edilmiş nailiyyətlə kifayətlənməyəcək. ABŞ Suriya münaqişəsində daha dərinə getməsə, Trampı Putinin oyuncağı olmaqda qınayan və rejimi dəyişməyi təkid edənlər yenidən qruplaşacaq və onu tənqid etməyə başlayacaqlar. Hazırda Rusiya ilə ABŞ arasında birbaşa hərbi toqquşma təhlükəsi soyuq müharibənin bitdiyi dövrdən bəri ən yüksək səviyyəyə yetib. Liderlər daxili-siyasi təsəvvürləri və erkək instinktini rəhbər tuturlar – bu, olduqca təhlükəli kombinasiyadır. Bu durumda yeganə qalib İŞİD çıxıb. Suriya rejimi Rusiya və ABŞ-ın dəstəyi ilə son bir neçə ayda İŞİD-in mövqelərinə müxtəlif yönlərdən uğurlu hücumlar aparıb. İndi rejim Amerika təhlükəsi qarşısında diqqətini özünün salamat qalmasına cəmləşdirəcək. ABŞ-a isə Suriyada toqquşa biləcəyi Rusiya tərəfdən mümkün təhlükə üzərində düşünmək lazım gələcək. Əsədyönlü “Əl-Məsdər” nəşri artıq xəbər verir ki, bəzi qaynaqlara əsasən, İŞİD yaraqlıları Şayrat rayonunda həmləyə başlayıblar. Suriyada müharibə kimi bu cür qəliz münaqişədə bir tərəfə zərbə endirmək digər təcavüzkar tərəfləri qaçılmaz şəkildə təşviq edir. Tramp Əsədə hücum etməklə İŞİD-i enə bilməz. O, bu qayda ilə təkcə özünün ABŞ-dakı mövqeyini və müəyyən qədər Putini naqolay durumda qoya bilməz. Və bunlardan heç biri ABŞ-ın maraqlarına cavab vermir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?