Separatçıların “seçki” şousu danışıqları mənasız edib; ABŞ Dövlət Departamenti separatçılara tərs şapalaq vursa da, həmsədrlər susur...
Dağlıq Qarabağda separatçıların “seçki” şousu danışıqları lüzumsuz edir; ABŞ Dövlət Departamenti separatçılara tərs şapalaq vursa da, həmsədrlər susur; politoloq: “Moskvanın problemin həllində ədalətli mövqe sərgiləyəcəyi barədə nağılları birdəfəlik unutmaq lazımdır”
Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi ilə bağlı yayılan məlumat təsdiqini tapmadı. Rusiya XİN-in informasiya və mətbuat Departament direktorunun müavini Artyom Kojin bildirib ki, görüş təklifinin verilməsi xəbəri uydurmadır.
Xatırlatmaq yerinə düşər ki, Moskvanın Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin payızında görüş təşkil edəcəyi haqda məlumatı bugünlərdə “İzvestiya” qəzeti Rusiya XİN-dəki mənbələrə istinadən yaymışdı. Sözügedən məlumatda bildirilirdi ki, Minsk Qrupunun digər həmsədrlərinin, konkret olaraq Fransanın prezidentlərin görüşünü təşkil etmək təşəbbüsü heç bir nəticə verməyib. Beləliklə də prezidentlərin görüşünün təşkili məsələsi ancaq Rusiyanın öhdəsindən gələcəyi məsələyə çevrilib. Əslində Kremlin Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək niyyətinə düşməsi tamamilə gözlənilən idi. Hər dəfə təmas xəttində kritik vəziyyət yarananda bölgədə ciddi söz sahibi və təsir imkanları olan Rusiya hərəkətə keçərək gərginliyi azaltmağa çalışır. Ötən ilin aprel döyüşlərindən sonra da Moskva yalnız dörd gün susdu və ardınca hərəkətə keçib tərəfləri masa arxasında əyləşdirməklə Ermənistanı xilas etdi.
Bu ilin yay aylarında da işğalçı ordunun döyüş mövqeyindəki obyektlərinin, canlı qüvvəsinin məhv edilməsi səbəbindən İrəvan və onun havadarlarının narahatlığı anlaşılandır. Bu mənada prezidentlərin bir masa arxasında əyləşdirilməsi Ermənistana hava və su kimi lazımdır. Bu ilin mayında Azərbaycanın Ermənistana sarsıdıcı zərbələr endirə biləcəyi xəbərindən narahat olanda da Moskva hər iki ölkənin XİN rəhbərlərinin görüşünü təşkil etmişdi. Amma nə bu, nə də bir müddət əvvəl baş tutan ikinci görüş heç nə ilə yadda qalmadı. Odur ki, dağıdıcı və fəlakətli müharibədən Ermənistanı yayındırmaq üçün növbəti bir görüşün ən yüksək səviyyədə düzənlənməsi gözləniləndir. Ancaq Azərbaycan rəhbərliyinin bəyan etdiyi kimi, uşaq qatili olan Ermənistan prezidenti ilə görüş hər hansı uğurlu nəticə verə bilməz, bunu Kremldə də yaxşı anlayırlar. Tamamilə mümkündür ki, nəticəsiz görüşdənsə, daha bir müddət pauzanın olmasına qərar verilib. Rusiya XİN də bu məlumatı təkzib edir və belə görünür ki, heç rəsmi Moskvanın da Qarabağ danışıqlarını bərpa etməyə həvəsi yox imiş. Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib ki, “İzvestiya” qəzetində Rusiya XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil. “ATƏT-in Minsk Qrupu həmsədrlərinin məsləhətləşmələri zamanı dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib” - o əlavə edib.
Elə bu sətirləri yazarkən məlumat yayıldı ki, Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Virtualaz.org xəbər verir ki, məlumatı jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov verib. “Bu gün axşam Soçidə prezident Putinin və Azərbaycan prezidenti Əliyevin işgüzar görüşü olacaq” - Peskov 21 iyula planlaşdırılan görüş haqda deyib. Çox güman ki, ikitərəfli görüşdə Qarabağ məsələsi ilə bağlı durum ciddi müzakirə mövzusu olacaq və Azərbaycan prezidenti mövqeyini həmkarına çatdıracaq.
“Prezidentlərin görüşü ilə bağlı Rusiya XİN təmsilçisinin açıqlaması bir daha sübuta yetirdi ki, Moskvanın Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe sərgiləyəcəyi barədə nağılları birdəfəlik unutmaq lazımdır”. Bunu politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a söylədi. Ekspert xatırlatdı ki, son vaxtlar Rusiyanın “Qarabağ planı” ilə bağlı Azərbaycan mediasında da çoxsaylı məlumatlar yayılır: “Məncə, bu məlumatların əhəmiyyətli hissəsi həqiqəti əks etdirmir və ictimai rəydə çaşqınlıq yaratmaq məqsədi daşıyır. Rusiya Azərbaycanın ictimai rəyi ilə ciddi şəkildə işləyir. Təbii ki, burada ”beşinci kolon"un ucüz təbliğatı da öz rolunu oynayır. Amma özlərini ağıllı sayan, reytinq savaşına çıxan bəzi taxtabaş internet resursların rəhbərlərinin də bu məsələdə “ayı xidmətləri” var. Bilirsiniz, biz birbaşa düşmən ölkənin təbliğatından təsiri altında buraxılan səhvlərin qarşısını ala bilsək də, üçüncü tərəflər vasitəsilə ölkənin informasiya məkanına ötürülən təxribatları tam zərərsizləşdirə bilməmişik".
E.Mirzəbəyli hesab edir ki, bu məsələlərin araşdırılması, təhlil edilməsi və nəticə çıxarılması üçün ekspertlərdən və analitik təhlil potensialı olan araşdırmaçı jurnalistlərdən ibarət bir qrupun formalaşdırılmasına ehtiyac var: “Elə məsələlər var ki, onlar KİV müstəvisində müzakirə oluna bilməz”.
Diqqəti cəlb edən bir sıra məsələlərin üst-üstə düşməsi və ardıcıllığı maraq doğurur. Son bir həftə ərzində Rusiya-Ermənistan birgə hərbi qüvvələrinin yaradılması Dövlət Dumasında ratifikasiya olundu, Rusiyanın Gürcüstanın içərisi ilə Ermənistana dəhliz açacağı xəbəri ildırım sürəti ilə yayıldı, daha sonra Moskvanın danışan dillərindən biri və planlarının anonsçusu sayılan V.Jirinovski Dağlıq Qarabağ daxil, münaqişə bölgələrinin Rusiyaya birləşdirilməsi, SSRİ-nin bərpa olunması təklifini irəli sürdü. Xüsusilə sonuncu çox təhlükəli məsələdir. Özü də Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi planının olduğu iddia edilərkən belə bir təklifin ictimailəşməsi təsadüf olmaya da bilər.
“Rusiya XİN təmsilçisinin və ”Jirik"in (Jirinovski) - siyasi piy düyününün açıqlamalarının üst-üstə düşməsinə gəldikdə isə zənnimcə, bunu Kremlin vahid strategiyasının iki ayrı-ayrı müstəvidə - diplomat və kloun səviyyəsində ifadə olunması kimi qiymətləndirmək lazımdır. “Jirik” təlimata uyğun hürür, amma bu, o demək deyil ki, ona XİN-lə eyni anda danışmaq tapşırığı verilib". Bu fikirlər isə E.Mirzəbəyliyə məxsusdur.
Politoloq Arzu Nağıyev də prezidentlər arasında növbəti görüşün harada keçirilməsinin dəqiq olmadığını vurğuladı: “Sadəcə olaraq, Moskvanın təşəbbüsü ilə keçiriləcəyi haqda anons verildi. Görüşün keçirilməsi ilə bağlı böyük güclər, o cümlədən son vaxtlar daha çox Rusiya tərəfindən təkidli tələblər olsa belə, Azərbaycan öz bəlli mövqeyindən çıxış edəcək. Substantiv danışıqlardan başqa digər variantlar bizim üçün qəbulolunmazdır. Bundan başqa, məlum olmayan səbəb də odur ki, bu görüş hansı protokola uyğun olaraq aparılmalıdır. Məhz tam şəkildə aydınlıq gətirildikdən sonra görüş haqda danışmaq olar”.
Arzu Nağıyev hesab edir ki, Jirinovskinin dedikləri Rusiya hakimiyyətinin tam mövqeyi olmasa da, dolayı yolla çatdırmaq istədiyi mesajdır: “Maraqlısı odur ki, Jirinovski bu bəyanatı Donbasda Malorusiya elan olunanda, Dnestryanı qurumda rusiyameyillik artanda, Poroşenko Tiflis və Sxinvali yaxınlığına səfər edəndə, Abxaziya və Cənubi Osetiyadan Ermənistana blokadanı yarmaq üçün yolun açılması ərəfəsində, Bakı-Tiflis-Qars dəmir yolu ilə bağlı danışmalar gedəndə açıqlayır. Yəni müstəqil siyasət yeritmək istəyən regional dövlətlərin istənilən addımlarına mane ola biləcək çıxışlar edən Jirinovski dolayı yollarla Putin administrasiyasının SSRİ-nin bərpası ilə bağlı fikirlərini daha aydın şəkildə çatdırır. Cənab Jirinovski özü də bir təcrübəli siyasətçi və hüquqşünas kimi dediklərinin cəfəngiyyat olduğunu, bütün beynəlxalq norma və prinsiplərə zidd danışdığını gözəl başa düşür. Bu, ruspərəst qüvvələrə bir eyham, çağırış, deyərdim ki, təlimatdır”. Ekspert bir məqamı da vurğuladı: “Son vaxtlar onsuz da Azərbaycanın siyasi və iqtisadi sahədə, beynəlxalq səviyyədə apardığı siyasət bir sıra regional oyunçuları, eyni zamanda Rusiyanı qıcıqlandırır. Bu, üçtərıfli regional dövlətlərlə yaradılan platformalarla da, TANAP və digər layihələrlə də bağlıdır. Təəssüf ki, ATƏT-in Minsk Qrupunda məhz regional konfliktlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu. araşdırmalı olduğu halda, açar fiqur olan Rusiyanın mühüm post sahibi belə bəyanatlar verir. Bu, ilk növbədə Rusiyanın özünə başucalığı gətirmir”.
*** Bu arada separatçı Qarabağ rejiminin keçirdiyi “seçki” şousunda ABŞ-dan reaksiya verilib. Bildirilib ki, ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımayacaq (APA). “Münaqişənin hərtərəfli nizamlanmasında biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz iyulun 19-da keçirilən qondarma seçkilərin nəticələrini tanımırıq. Bu seçkilər Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək. Biz həmçinin vurğulayırıq ki, qondarma seçkilər Dağlıq Qarabağın yekun statusu və Dağlıq Qarabağa davamlı və sülh həlli gətirəcək mövcud danışıqların nəticəsini müəyyənləşdirmir” - Dövlət Departamentinin cavabında qeyd olunub.
Çox maraqlıdır ki, ordumuzun düşmən qüvvələrini məhv etməsinə operativ reaksiya verən ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ separatçılarının bu özbaşınalığına münasibət bildirməyib.
Əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmamasının, Rusiyanın istəklərinə rəğmən bu təmasın alınmamasının səbəbi Qarabağda “seçki” oyunu oynayan Ermənistandır. Ermənistanın müdafiə naziri ötən həftə Qarabağa qanunsuz səfər etmişdi və bunun ardınca “seçki” şousu həyata keçirildi. Bütün bunlardan sonra oturub sülh danışıqlarından danışmağın heç bir mənası qalmır, bunu görüş təşəbbüskarları da yaxşı anlayır./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?