ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan bəyanatı Ermənistanda ciddi diskusiyalara səbəb olub. Belə ki, Hoqlandın “mərhələli həll” planını əks etdirən 6 maddəlik təklifinin birbaşa ABŞ-ın mövqeyi olduğunu unudan Ermənistan Prezidenti Serj Sərkisyan amerikalı həmsədrin istefada olması ilə təsəlli tapıb və bildirib ki, bu, sadəcə olaraq məsələyə ümumi yanaşmadır, hər şeyi sənədlər üzərində sübuta yetirmək lazımdır – günlərlə, aylarla, illərlə: “Çünki sənəd üzərində hər bir nöqtənin, hər bir vergülün böyük əhəmiyyəti var”.
Ermənistan prezidentinin amerikalı həmsədrə cavabı və bu fonda Dağlıq Qarabağa dair ümumi vəziyyəti dəyərləndirən Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun müsahibəsini təqdim edirik:
- ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni mövqeyini necə dəyərləndirirsiz?
- Hesab edirəm ki, Hoqlandın açıqlaması çox vacib bir bəyanatdır və Azərbaycan üçün böyük taktiki imkanlar yaradır. Bu taktiki imkanlar nədən ibarətdir? Hazırkı danışıqlar Lavrov planı üzərində götürülür. Maraqlıdır, bunlar həmişə Lavrov planı ilə göstərirdilər ki, guya hər üç həmsədr ölkə eyni mövqedədir. Ancaq Hoqlandın bəyanatı göstərdi ki, ABŞ-ın mövqeyi tamamilə fərqlidir. Mən çox istərdim ki, bu məlumat Azərbaycan ictimaiyyətinə çatdırılsın ki, Hoqlandın bəyanatında göstərilən mövqeyin Lavrov planından fərqi nədən ibarətdir? Fərq varsa, bu, kimin xeyrinədir? Yox, əgər fərq bizim xeyrimizə deyilsə, onda gəlin, problemin həllində əsas kimi Lavrovun planını yox, Hoqlandın tezislərini götürək və danışıqları da bu plan üzərində davam etdirək.
- Hoqlandın fikirlərini ümumi yanaşma sayan Ermənistan prezidenti amerikalı həmsədrə cavabında bildirib ki, hər şeyi sənədlər üzərində sübuta yetirmək lazımdır və sənəd üzərində hər bir nöqtənin, hər bir vergülün böyük əhəmiyyəti var. Sizcə, Serj Sərkisyan bununla nə demək istəyib?
- Sərkisyanın bu fikirləri ümumiyyətlə danışıqların hansı nöqtədə olduğunu göstərir. O, açıqlama verməliydi ki, əslində, danışıqlar neçə illərdir ki, gedir, tezislər üzərində qurulub və müxtəlif ideyalar müzakirə olunur, ancaq bunları həyata keçirmək üçün xüsusi bir sənəd lazımdır. Bu sənəd isə saziş şəklində olmalıdır və bunu razılaşdırmaq üçün illər lazımdır. Ancaq Sərkisyanın açıqlamasından görürük ki, problem ayrı səpkidədir. Bu da ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesinə nəticə baxımından yox, faktiki məsələləri həll etmək baxımından yanaşır. Sərkisyanın Hoqlanda cavabını heç də danışıqlara yox, daha çox daxili siyasi vəziyyətə aid etmək olar. Çünki bir prezident olaraq artıq Sərkisyan səlahiyyətini itirəcəyindən özünü daxili siyasətdə vacib olan bir hadisəyə hazırlaşdırır. Eyni zamanda, göstərmək istəyir ki, proses getsə də, nəticə heç vaxt olmayacaq, yəni İrəvan öz maraqlarını bu şəkildə müdafiə edir, de-fakto Azərbaycan torpaqlarını işğal edib və qaytarmaq niyyətində də deyil, ancaq siyasi oyunlar üçün danışıqları davam etdirir. Ermənistanın havadarları danışıqlar prosesinin görüntüsünü yaratmaq üçün indi də növbəti mərhələyə hazırlaşır. Bu, xarici işlər nazirlərinin görüşüdür. Guya nazirlər prezidentlərin görüşünü təşkil etmək üçün Nyu Yorkda razılığa gələcəklər. Təbii ki, bu görüşün heç vaxt nəticəsi ola bilməz, sadəcə göstərmək istəyirlər ki, bizim xarici siyasətimiz o qədər uğurludur ki, torpaqları azad etmirik və nəticə verməməsinə baxmayaraq, Bakı İrəvanla danışıqları davam etdirir.
- Tofiq müəllim, Hoqlandın bəyanatı Soçidə Ermənistan və Rusiya prezidentlərinin görüşü vaxtına təsadüf etdi. Bu görüşlə bağlı nə deyə bilərsiz?
- Çox təəssüflər olsun ki, həmin görüşün əsasını Dağlıq Qarabağ məsələsinin mahiyyəti yox, sadəcə problemin bir element kimi daxili siyasətdə istifadə olunması təşkil edirdi. Çünki Ermənistan tərəfi Azərbaycanla nəticəsiz görüşlərin davamında maraqlıdır. Sərkisyan bununla da daxili ictimaiyyətə siqnal ötürür ki, İrəvan danışıqları aparsa da, bir qarış torpaq belə qaytarmayacaq və indi məsuliyyət Azərbaycan tərəfinə düşür. İrəvanın əsl məqsəd də elə məhz bundan ibarətdir. Ancaq perspektivsiz görüşlər nəyə lazımdır? İndi müxtəlif yollarla belə bir görüntü yaradacaqlar ki, doğurdan da Qarabağ məsələsi Nyu Yorkda, ya da noyabrda prezidentlərin görüşü təşkil olunarsa, orada ciddi müzakirə olunacaq.
- Dağlıq Qarabağ məsələsinin bundan sonrakı gedişatını necə görürsüz? Sülh, yoxsa hərb?
- Bunu dəqiq bilməliyik ki, danışıqlar prosesi yoxdur. Ona görə də Ermənistan bəzən hansısa daxili maraqlarına uyğun olaraq olmayan danışqları var etməyə çalışır. Dəqiq bilməliyik ki, Ermənistanın indiki siyasi elitası heç bir danışıqlara getmək niyyətində deyil. Hoqlandın bəyanatı göstərir ki, Ermənistan ümumiyyətlə bir qarış torpağı belə sülh yolu ilə azad etməyə hazır deyil. Bu, bir reallıqdır. İndi sual yaranır ki, bəs Azərbaycan bu vəziyyətdə nə etməlidir? Hesab edirəm ki, ilk növbədə biz real vəziyyəti lazımı şəkildə dəyərləndirməli və bunun əsasında hansısa yeni taktika seçməliyik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?