Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə səfər edən 4 Türkiyə vətəndaşından biri, HDP-nin keçmiş millət vəkili Ufuk Urasın FETÖ terror təşkilatının lideri Fətullah Gülənin adamı olduğu deyilir.
gundemxeber.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyədə Vətən Partiyasının lideri, “dərin dövlət”ə bağlı olduğu deyilən Doğu Perinçekin bir müddət öncə açıqladığı faktlar bu kontekstdə diqqət çəkir.
FETÖ-nün Türkiyə bürokratiyası və siyasətinə sızdığı dövrlərdən bəhs edən Perinçek deyir ki, 1990-cü illərdə Fətullah Gülən Türkiyədəki siyasi partiyalara pul yardımı edirdi: “Həmin dövrdə Azadlıq və İnkişaf Partiyasında olan (ÖDP) Ufuk Uras “Biz Fətullahın sol təşkilatı olacağıq” dedi”.
Qeyd edək ki, Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu ötən ay Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Bu şəxslər səfər zamanı qondarma DQR-ə dəstək verib, Azərbaycan və Türkiyəni tənqid ediblər. Rəsmi Bakı bu şəxslərin adını “qara siyahıya” salıb və həb olunmasını tələb edir.
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey də Publika.az-a açıqlamasında Qarabağa qanunsuz səfər edənlərin əslində PKK və FETÖ layihəsinə xidmət etdiklərini deyib.
“PKK və FETÖ 15 iyul dövlət çevrilişinə cəhd və Şimali İraqda keçirilən qondarma referendumdan sonra Türkiyə ilə qonşu ölkələrin arasını pozmağa və gərginlik yaratmağa çalışır. Bu şəxslərin Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin test edildiyi ərəfəsində Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz səfər etməsi təsadüfi deyil. Görünür, FETÖ və PKK qardaş Azərbaycanın həssas nöqtəsinə toxunaraq, Türkiyə ilə münasibətlərin pisləşməsinə və Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin sıradan çıxmasına cəhd edir”, - deyə o bildirib.
Belə səfər Türkiyə-Ermənistan sərhədinin açılmasına hesablanıb, həmçinin, əsas hədəflərdən biri də Azərbaycan torpağının işğal edildiyi faktını unutmaqdır. FETÖ-nün Qərbdə erməni lobbisi ilə yaxınlığını nəzərə alsaq, Qarabağa səfər edən türklərin Azərbaycan torpaqları üzərində oynanılan təhlükəli oyunun bir parça olduğunu deyə bilərik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?