Gürcüstanın Batumi şəhərindəki Leogrand hotelində 11 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma davam edir. Sabah ölkə boyu matəm keçiriləcək. Hazırda tibbi müəssisələrdə 8 nəfər qalır.
Lakin yerli səhiyyə xidmətinin məlumatına görə onların çoxu axşama doğru artıq evlərinə qayıda biləcək. Zərərçəkmişlərin əksər hissəsinə intoksikasiya diaqnozu qoyulub.
Batumi şəhərinin mərkəzindəki Leogrand hotelində yanğın ötən günü axşam saatlarında başlayıb. Hadisə nəticəsində həyatını itirən 11 nəfərdən 10-u Gürcüstan vətəndaşıdır. Daha bir nəfərin iranlı olduğu bildirilir. 20-dən artıq zərərçəkmişə tibbi yardım göstərilib. Onların arasında Gürcüstan, Türkiyə və İsrail vətəndaşları var. Daxili İşlər Nazirliyi yanğın vaxtı binadan 100-dən artıq adamın təxliyə olunduğunu bildirib. Hadisə ilə bağlı cinayət işi açılıb. Rəsmilərə əsasən araşdırma yanğının səbəblərini müəyyənləşdirməlidir. Bu arada hadisədən sağ çıxanlar yanğın əleyhinə xəbərdarlıq sisteminin işə düşmədiyini deyirlər. İmedi telekanalına danışan şahidlərdən biri deyib ki, insanlar yanğının baş verdiyini yalnız tüstünün yayılmasından sonra anlayaraq binanı tərk etməyə başladılar. Hotelin rəhbərliyi məsələni şərh etməyib. Leogrand hoteli 2015-ci ildə açılıb. Binada restoran, spa mərkəzi və klub fəaliyyət göstərir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?