Bu barədə BMT-nin insan haqları ekspertləri dekabrın 5-də verdikləri birgə bəyanatda deyirlər
Azərbaycan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmalı, ölkədə media müstəqilliyini gücləndirməlidir.
gundemxeber.az amerikaninsesi.org-a istinadla bildirir ki, bu barədə BMT-nin insan haqları ekspertləri dekabrın 5-də verdikləri birgə bəyanatda deyirlər.
Bəyanat BMT-nin fikir və ifadə azadlığının qorunması üzrə xüsusi məruzəçisi David Kaye və hüquq müdafiəçilərinin durumu üzrə xüsusi məruzəçi Mişel Forst-un adından verilib.
Bəyanatda deyilir ki, İsmayılovaya araşdırmasına görə mükafat verilib, ancaq onu almaqdan ötrü dekabrda İsveçdə keçiriləcək tədbirə gedə bilmir.
“Bu qadağa jurnalistin ifadə azadlığını boğur, çünki məqsəd onun xaricə səyahət edərək insan haqlarından danışmasını əngəlləməkdir. Hakimiyyəti qadağanı qaldırmağa, jurnalistikanı saxta bəhanələrdə məhdudlaşdırmamağa çağırırıq”, – bəyanatda daha sonra vurğulanır.
Jurnalist səyahət qadağasının qaldırılmasından ötrü bir neçə dəfə məhkəmələrə müraciət etsə də, buna nail olmayıb.
BMT-nin ekspertləri araşdırmaçı jurnalistin bank hesabının dondurulmasından da narahatlıqlarını bildiriblər.
“Xanım İsmayılovaya hakimiyyətin tədbirləri hüquq çərçivəsini aşır. Bu, jurnalistin fərdi işinə və ölkədə müstəqil jurnalistikaya ziddir”, – ekspertlər bildirirlıər.
Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirirlər.
Xatırlatma
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.
Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.
X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.
Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.
Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.
X.İsmayıl son illər bir neçə nüfuzlu mükafatlara layiq görülüb.
O, dünyada azadlıq mesajını yayan jurnalist və fəal kimi 2016-cı il YUNESKO-nun Cuillermo Cani Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?