Ukraynada ötən gecə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan eks Gürcüstan prezidenti Mixail Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib. Bunu Saakaşvilinin vəkili Ruslan Çernolutski jurnalistlərə bildirib.
“Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını elan edir. O, məcburi qidalandırmaya müqavimət göstərəcək”-vəkil deyib. Onun sözlərinə görə, əgər məhkəmə Saakaşvilinin barəsində 60 günlük həbs qətimkan tədbiri seçsə siyasətçi “daha sərt formada” aclıq edəcək. Hərçənd Ukrayna Baş prokurorluğu bildirib ki, məhkəmədə Saakaşvilinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə yox, elektron qolbaq gəzdirmək şərti ilə ev dustaqlığı seçilməsi barədə vəsadət qaldıracaq. Saakaşvilinin bu gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Saakaşvili mütəşəkkil qruplaşma ilə əlbir olmaqda və dövlət çevrilişi cəhdində ittiham olunur. İttihama əsasən o, keçmiş prezident Viktor Yanukoviçin tərəfdarı olan və hazırda Rusiyada yaşayan oliqarx Sergey Kurçenkodan pul alıb və hakimiyyət çevrilişi hazırlayıb. Saakaşvili bu ittihamları qurama adlandırır. KİV-lər xəbər verir ki, Saakaşvili Kiyevdə yüksək vəzifəli polis əməkdaşının mənzilində saxlanılıb. Bundan əvvəl o, Kiyevdə qaldığı evdə həbsdən yayınmaq üçün dama çıxmışdı və oradan tərəfdarlarına müraciət etmişdi. Saakaşvilinin dama çıxması onun soyuqlaması ilə nəticələnib, siyasətçi tibbi yardım üçün həkim axtarmalı olub. Bildirilir ki, Saakaşvili polis polkovniki, Milli Polisin departament rəhbəri Yuri Pokinborodinin mənzilində tutulub.
Hazırda Təhlükəsizlik Xidmətinin təcridxanasının qarşısında Saakaşvilinin bir neçə yüz tərəfdaşı toplaşıb, onlar tonqallar qalayıblar. Təcridxananın qarşısında mümkün iğtişaşları önləmək üçün Milli Qvardiyanın döyüşçüləri də səfərbər olunub.
***01:09
“Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar Saakaşvilinin tutulması barədə məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çadır şəhərciyinə hücum edir.
“Strana” yazır ki, Saakaşvili müalicı üçün müraciət etdiyi xəstəxanada UTX tərəfindən tutulub.
* * *01:01
Ukraynanın baş prokuroru Yuri Lutsenko özünün “Facebook” səhifəsində yazıb ki, Mixail Saakaşvili Milli polis tərəfindən saxlanılıb.
“Saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində istintaq hərəkətlərinin aparılması və məhkəməyə qətimkan tədbirinin seçilməsi üçün müraciət edilməsi planlaşdırılır. Vəd etdiyimiz kimi, güc strukturları izafi güc tətbiqindən və qandan qaçmaq üçün əllərindən gələni ediblər”, - o yazıb.
* * *00:45
Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili saxlanıb.
Bu barədə özünün “Facebook” səhifəsində Ukrayna prokurorunun keçmiş müavini David Sakvarelidze yazıb.
“Mixaili tutdular! Onu Askoldova - UTX-yə aparırlar”, - o yazıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?