Kaliforniyanın San Xose şəhərində yanvarın 12-də Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə azərbaycanlı pianoçu, Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib.
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.
Tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak edib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri Çingiz Sadıxovun həyatı və yaradıcılığı haqqında danışaraq, onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini və vəfatının Azərbaycan musiqisi üçün ağır itki olduğunu vurğulayıb.
Ç.Sadıxovun nəşinin yaxın günlərdə Azərbaycana aparılaraq dəfn ediləcək.
Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.
Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?