İtaliyalı deputat Luca Volontenin üzərindən bütün ittihamların götürülməsi ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı Elxan Süleymanov və Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun bəyanatları əksini tapmayıb.
Belə ki, italiyalı deputatın üzərindən pulların yuyulması ittihamı götürülüb, korrupsiya ittihamı isə qalır. Bu barədə araşdırmaçı jurnalist, beynəlxalq jurnalist araşdırmaları şəbəkəsinin (OCCRP) üzvü Xədicə İsmayılova Facebook səhifəsində yazıb.
Luka Volonte Avropa Sabitlik Təşəbbüsü beynəlxalq QHT-nin araşdırdığı "kürü diplomatiyası" qalmaqalının fiqurantıdır.
O, Azərbaycandan 2,3 mln. avro almaqda ittiham olunur. Həmin vəsait 2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar haqqında hesabatın baş tutmaması məqsədilə bir sıra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatların ələ alınmasına sərf edilib. (http://0s.o53xo.n5rwg4tqfzxxezy.nblz.ru/en/azerbaijanilaundromat/)
2016-cı ildə Milan Prokurorluğu L.Volonteyə qarşı təhqiqata başlayaraq ona ittiham irəli sürüb.
Ancaq bu günlərdə Milli Məclisin deputatı Elxan Süleymanov və prezidentin köməkçisi Əli Həsənov bildiriblər ki, L.Volontenin üzərindən bütün itihamlar götürülüb.
Lakin fevralın 15-də X.İsmayılova yazıb ki, L.Volontenin üzərindən ancaq pulların yuyulması ittihamı götürülüb.
“Elxan Süleymanov və Əli Həsənov həmişəki kimi yalan danışıblar. Milan Məhkəməsi qərar verib ki, Luca Volonte çirkli pulların yuyulması ilə məşğul olmayıb, onun cinayəti məhkəmə qərarı ilə təsdiq olunarsa, rüşvət alma maddəsinə uyğun gəlir. Yəni, bu italyalı deputat Azərbaycan hökumətinə yaxın adamlardan aldığı pulu ağardıb, özlərinə qaytarmayıb. Rüşvət ittihamı isə hələ qüvvədədir və Volontenin həmin maddə üzrə toxunulmazlığı da götürülüb. Yəni deputat olub deyə cəzasız qalma ehtimalı yoxdur. Detallar az sonra OCCRP-nin səhifəsində olacaq. Ara yerdə xarici mətbuata pas ötürüblər, indi yenə hamısı yazacaq. Piar budurmu?” Xədicə İsmayılova facebook səhifəsində yazıb.
L.Volonteyə qarşı korrupsiya ittihamının qalmasını onun vəkilləri də təsdiqləyib.
Sorğu
Yeni dizaynımız necədir?