.Cənubi Qafqaza nəzarət məqsədilə Ermənistanı qarışdıran xarici supergücün ünvanı tezliklə aydınlaşa bilər
Ermənistanda qeyri-müəyyən durum yaranıb. Artıq xeyli müddətdir ki, bu qonşu və düşmən ölkədə daxili qarşıdurma hökm sürür. Hətta hadisələrin bu ölkədə daxili xaos durumu yarada biləcəyi də istisna deyil.
Ermənistanda cərəyan edən prosesləri daha da maraqlı edən əsas məqamlardan biri də məhz bu hadisələrin gözlənilmədən ortaya çıxmasıdır. Konstitusiyanı dəyişərək, prezident postunu baş nazir kreslosu ilə əvəzləmək şansı qazanmış Serj Sarkisyan bu hədəfinə nail olsa da, nailiyyətinin dadını çıxara bilmədi.
Çünki yenicə kreslosuna sahib çıxdığı baş nazir postundan qısa zaman içərisində istefa vermək məcburiyyətində qaldı. Yəni S.Sarkisyan “Əli aşından da oldu, Vəli aşından da...”
Yəqin ki, indi o, planlarının fiaskoya uğramasının əsl səbəblərini özü üçün aydınlaşdırmaqla məşğuldur və hələlik bunun üçün yetərincə vaxtı da var. Əslində, S.Sarkisyanın harada səhv buraxdığını tam dəqiqiliyi ilə anlaması üçün uzun müddət düşünməyə ehtiyacı olacağı o qədər də inandırıcı deyil.
Çünki bir çox məqamlar onsuz da aydındır. Belə ki, onun siyasi fiaskosu dünyanın iki nəhəng supergücü arasında “erməni oyunları” oynamağın necə təhlükəli olduğunu bir daha təsdiqləyir. Hər halda, o, son dövrlərdə Kremllə “çiling ağac” oynayırdı. Kremldən gələn təlimatlara həvəssiz və sayğısız yanaşdı. Bir neçə dəfə buna görə Kremldən xəbərdarlıq da aldı.
Ola bilsin ki, S.Sarkisyan ABŞ və Qərbdən Kremllə münasibətlərin soyudulmasının mümkün nəticələrinə görə təminat almışdı. Ancaq son proseslər onu göstərir ki, bu doğrudursa, aldadılıb. Hər halda, onun istefa məcburiyyətində buraxılması belə qənaət yaradır.
Belə anlaşılır ki, ABŞ və Qərb özünü artıq tükətmiş S.Sarkisyana “stavka” etməyə həvəs göstərməyib. Və bir Sarkisyan prezident postuna sahibləndikdən dərhal sonra digər Sarkisyan “xərcləndi” və siyasi səhnədən çəkilməli oldu. Yəni Ermənistan üçün eyni vaxtda iki Sarkisyan uyğun görülmədi. Birini (Serj Sarkisyan) digərinə (Armen Sarkisyan) fəda etdilər. Ən əsasısa, uzun illərdən bəri hömranlıq edən və artıq ölkədə kəskin qıcıq törədən Qarabağ klanının liderini Ermənstan klanının lideriylə əvəzlədilər.
Amma məsələ yalnız bununla bitmir. Ortada bir Nikol Paşinyan faktoru da var. Bəs, bu faktor haradan peyda oldu?
Bu adamın normal siyasətçi olmadığı hər halından bəllidir. Onun dövlət idarə edə biləcəyi də olduqca ciddi suallar doğurur. Bu erməninin geniş xalq kütlələrinə liderlik etmək potensialı da ümidverici səviyyədə deyil. Bununla belə, hazırda siyasi səhnədə “at oynadan” da məhz elə odur.
Deməli, bu işin içində nəsə başqa bir iş var. Belə anlaşılır ki, Ermənistanın “xəmir”i hələ çox su aparacaq. Kimlərsə, burada demokratiya və ölkəni inkişafa apara biləcək siyasi sistemin bərqərar olmasına deyil, əksinə, dağıdıcı prosesin davam etməsində, Ermənistanın xaosa sürüklənməsində maraqlıdırlar.
Bütün bunlar onu göstərir ki, Ermənistanda yaşanan qarışıqlıq əslində, ölkə xaricindən yaradılıb. Bu qarışıqlıqda, cərəyan edən siyasi proseslərdə xalqın rolu isə elə də yüksək deyil.
Sadəcə, xalqdan bir vasitə kimi istifadə edilir və kütlə kənardan idarə olunur. Hər halda, Ermənistan kimi balaca ölkələrdə xalq anlayışı öz əhəmiyyətini artıq çoxdan itirmiş bir faktordur. Belə ölkələrin xalqları öz iradələri ilə siyasi hakimiyyətləri dəyişmək potensiallarını artıq çoxdan itiriblər. Və ən yaxşı halda, yalnız özləri də bilmədən başqalarının əlində alət rolunu oynaya bilərlər.
Bu səbəbdən də Ermənistanda cərəyan edən proseslərə əsasən iki fərqli istiqamətdən yanaşmaq daha doğru olardı.
Belə ki, bu qarışıqlığın mənbəyi bir tərəfdən Ermənistanda uzun müddətdən bəri mövcud olan siyasi klanlararası mübarizədir. Çünki Ermənistanda son dövrlərə qədər Qarabağ klanı hakimiyyətdə idi. Və yerli ermənilər bundan bezmişdilər, hakimiyyətdə olanlara hətta nifrət edirdilər və onlara qarşı müqavimət göstərməyə çalışırdılar.
Digər tərəfdənsə, bu olayların əsas qaynağı rolunda həm də xarici güclər arasındakı mübarizə çıxış edir. Rusiya və ABŞ isə bu mübarizənin əsas oyunçuları kimi görünürlər.
Müstəqillik dövrünün başlanmasından üzübəri Ermənistan Rusiyanın for-postu olmaqdan başqa heç bir “uğur” qazanmayıb. Bu səbəbdən də ABŞ və Qərbin Rusiya ilə regional qarşıdurmasında əngəlləyici faktor rolunu oynayıb.
Son dövrlərdə isə ABŞ Rusiyanı beynəlxalq siyasi məkanda sıxışdırmağa çalışır. Ağ Ev Kremlin siyasi iradə nümayiş etdirdiyi regionlardan Rusiyanı zəiflədib, çıxartmağa can atır.
İndi belə anlaşılır ki, növbə Cənubi Qafqaz regionuna çatıb və bu qarşıdurmada hələlik yalnız Ermənistan “nifaq alması”na çevrilməyə başlayıb. Ermənistan əhalisi arasındakı narazılıq isə böyük dövlətlərin qarşıdurmasında əsas alətlərdən alət kimi istifadə edilir.
Bu baxımdan, Ermənistanda mövcud olan qarışıqlığın necə nəticələnəcəyini və kimlərin hakimiyyəti ələ keçirəcəyini müəyyənləşdirmək üçün ABŞ-Rusiya qarşıdurmasının hansı istiqamətlərə yönələcəyini də müşahidə etmək lazım gələcək.
Yəni belə hesab etmək olar ki, ABŞ və Rusiya Ermənistandakı hadisələrin əsas ssenari müəllifləridir. Kimin baş nazir olacağı və ya kimin mütləq hakimiyyətə sahiblənəcəyi də məhz bu iki nəhəng dövlətdən hansının ssenarisinin reallaşacağından birbaşa asılıdır.
Və hələlik nə ABŞ, nə də Rusiya hazırda baş verənlərdə öz “iştirak”larını biruzə verməsələr də, böyük ehtimalla yalnız ondan sonra indi Ermənistanda cərəyan edən siyasi prosesləri kənardan kimin idarə etdiyi tam aydınlığı ilə ortaya çıxmağa başlayacaq./musavat
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?