Ermənistan baş nazirinin müşaviri Arsen Xaratyan Ermənistan İctimai Televiziyasının efirində çıxış edərək bildirib ki, keçmiş ölkə prezidenti Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə danışıqlarda iştirakı ehtimalını istisna etmir.
"Təəssüf ki, Ermənistanda danışıqlar prosesi haqqında məlumata malik olan insanlar azdır. Serj Sarkisyan onlardan biridir. Bəlkə də gün gələcək, Serj Sarkisyan Qarabağ məsələsi üzrə danışıqlar prosesində xüsusi nümayəndə olacaq. Bu məsələ üzrə ictimai konsensuz olarsa, Ermənistanda kiminsə Ermənistanın maraqlarından çıxış edərək danışıqlarda iştirak etməsi ehtimalını istisna etmirəm", deyə Xaratyan bildirib. Ermənistan baş nazirinin müşaviri həmçinin təsdiq edib ki, Ermənistanın mövqeyi dəyişməyib, baş nazir Nikol Paşinyan danışıqlarda yalnız Ermənistanın adından danışa bilər. Bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan özü Serj Sarkisyanla yalnız Qarabağ probleminin müzakirəsi üçün görüşməyə hazır olduğunu bildirib. Bu bəyanatdan sonrakı günlərdə Sarkisyanın özündən hər-hansı reaksiya gəlməyib. Amma onun qardaşlarından birinə qarşı fırıldaqçılıq və vergilərdən yayınma ittihamı ilə cinayət işi açılıb, digəri isə silah saxlama ittihamı ilə saxlanılıb, növbəti gün sərbəst buraxılıb. Bunun hakimiyyətin Serjin danışıqların iştirakçısı olmaqdan imtinasına cavabı olduğunu ehtimal etmək olar. Rəsmi Bakı Serj Sarkisyanı danışıqlar masası arxasına qaytarmaq ideyasına reaksiya verməyib.
Sorğu
Yeni dizaynımız necədir?