Avropa İttifaqı (Aİ) söz verdiyi kimi, ABŞ sanksiyalarından qorunmaq məqsədilə İranla xüsusi ödəmə mexanizmi yarada bilməyib. Çünki İttifaqa üzv olan dövlətlər bu mexanizmin leqallaşdırılması üçün lazım olan xüsusi şirkətin qeydiyyatını öz yurisdiksiyasına almaq istəmirlər.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı rəsmisi “Financial Times” qəzetinə bildirib.
Qeyd olunub ki, ABŞ-ın birtərəfli qaydada Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra İranla idxal-ixrac əməliyyatlarının aparılmasını mümkün edən ödəmə mexanizminin işə düşməsi, daha doğrusu, onun qanuni status alması üçün xüsusi bir şirkətin yaradılması vacibdir. Lakin Aİ-də bu mexanizmin başlıca elementi olan həmin şirkətin öz ərazisində qeydiyyatını istəyən bir dövlət tapılmır.
“Avropa İttifaqına üzv olan ölkələrin hökumətlərinin heç biri xüsusi şirkəti öz ərazisində yerləşdirməklə ABŞ-ın yoluna keçmək istəmir. Çünki bunu etsələr Vaşinqton tərəfindən siyasi tədbirlər, yaxud hətta sanksiyalarla üzləşəcəklərindən ehtiyat edirlər”, - deyə Aİ rəsmisi bildirib.
“Financial Times” yazır ki, ABŞ sanksiyalarına və Aİ-nin öz vədinin icrasını gecikdirməsinə baxmayaraq, İran neft ixracını davam etdirə biləcəyini düşünür. Konkret olaraq, Tehran Çin və digər dövlətlərə sutkada minimum 1 milyon barrel neft ixrac etməyi planlaşdırır. Bu, sanksiyalardan əvvəlki neft ixracı sutkalıq 2,8 milyon barreldən az olsa da, minimal səviyyədə ölkəni kifayət qədər valyuta gəlirlərilə təmin edəcək.
Xatırladaq ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?