Partiya rəsmi Bakını Tehrana qarşı sanksiyalara qoşulmamağa çağırdı
Azərbaycan Demokrat Partiyası Azərbaycan hökumətinə İrana qarşı sanksiyalarla bağlı çağırış edib. Partiyanın noyabrın 12-də keçirilən İdarə Heyətinin toplantısında günün aktual məsələləri, o cümlədən İrana qarşı ABŞ-ın sanksiyaları mövzusu müzakirə edilib. İdarə Heyəti ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan və bu sanksiyaların adıçəkilən dövlətlə iqtisadi əlaqələri davam etdirən başqa ölkələrə də şamil edilməsindən narahat olduğunu bildirib və hakimiyyəti yaxın qonşuluq əlaqələrinin, tarixi, dini, mədəni bağlılığımızın olduğu, ərazisində 40 milyona qədər soydaşlarımızın yaşadığı İrana qarşı tətbiq edilən iqtisadi embarqolara qoşulmamağa, ölkələrimiz arasında əməkdaşlığa, dostluğa söykənən ikitərəfli münasibətləri qorumağa çağırıb.
ADP Norveç səfirliyinin Azərbaycandakı fəaliyyətinin dayandırılması və bundan sonra öz işini Gürcüstanda davam etdirməsi barədə qərarından təəssüfləndiyini də bəyan edib.
İdarə Heyəti son vaxtlar ABŞ diplomatlarının Qarabağla bağlı verdiyi bəyanatlara, münaqişənin sülh yolu ilə həllinin son mərhələsində, Qarabağ ərazisinə neytral ölkələrin sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı fikirlərə də münasibət bildirib. Qeyd olunub ki, bu cür bəyanatlar Azərbaycanın suveren hüquqlarının pozulmasına yönəlmiş fikirlərdir və hər hansı bir ad altında Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi yolverilməzdir. Bildirilib ki, Qarabağ bütövlükdə Azərbaycanın tarixi, əzəli ərazisidir, işğal faktı aradan qalxmadan, BMT-nin məlum qətnamələrinin şərtləri təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmədən, Azərbaycanın gələcək siyasi taleyinə kölgə salan hər hansı bir sülhməramlı qüvvələrin ərazimizdə yerləşdirilməsindən söhbət gedə bilməz.
ADP son vaxtlar yüksək vəzifə tutan məmurların, eləcə də bir çox sabiq məmurların korrupsiya və rüşvət yolu ilə əldə etdikləri vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə şəxsi məqsədləri üçün istifadə etməsinin yolverilməz olduğunu qeyd edib və hüquq-mühafizə orqanlarını həmin vəsaitlərin dövlət büdcəsinə qaytarılması, onların haqqında hüquqi tədbirlər görülməsinə yönəlik ciddi addımlar atmağa çağırıb.
İdarə Heyəti həmçinin ölkə prezidentinin şəhid ailələrinə sığorta haqqının ödənilməsi ilə bağlı məlum sərəncamının ləngidilməsindən narahat olduğunu bildirib və hakimiyyəti onlara ayrılan vəsaitin təxirə salınmadan çatdırılmasını nəzarətə götürməyə, birdəfəlik ödəmə ilə yanaşı onların övladlarının pulsuz təhsil alması, mənzillə təmin edilməsi, tibbi xərclərinin dövlət tərəfindən ödənilməsi qayğısına qalmağa çağırıb.
Müxalif partiya son vaxtlar ölkədə bir sıra malların, xüsusilə də zəruri qida və ərzaq mallarının qiymətinin kəskin şəkildə artmasından, bu halın əhalinin böyük əksəriyyətinin yaşayış tərzini pozmasından ciddi narahat olduğunu da bildirib və hökuməti bu zərərli tendensiyaya son qoymaq üçün addımlar atmağa çağırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?