ABŞ senatorları Səudiyyə Ərəbistanının səudiyyəli dissident jurnalist Haşoqqinin və Yəməndə müharibə ilə bağlı Senatda qəbul edilmiş qətnamələrinə qəzəbli reaksiyasına əhəmiyyət verməyib.
Bu həftənin əvvəli Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi qətnamələri tənqid edərək, bunun "krallığın regional və beynəlxalq rolunu sarsıtdığını" və "sübutsuz iddialar və ittihamlara əsaslandığını" bildirib.
Konnektikut ştatından demokrat senator Riçard Blumental Amerikanın Səsinə müsahibəsində bildirib ki, o, Səudiyyə Ərəbistanının sözləri deyil, əməllərinə diqqət verir.
"Mənim üçün Səudiyyə Ərəbistanının Yəmənlə bağlı dəhşətli və qəddar siyasətini dəyişməsi və orada günahsız vətəndaşların və uşaqların qətlinə son qoyması mühümdür", - o bildirib.
Alabama ştatından respublikaçı senator Riçard Şelbi isə deyib ki, Senat ABŞ-da yaşayan jurnalist Camal Haşoqqinin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlindən sonra susa bilməzdi.
"Bu, qüsurlu bir davranış idi. Bu, bizim bir vəhdətdə birgə mövqedən danışdığımız bir məsələdir. Səudiyyəlilər yaxşı müttəfiq idilər, lakin bəzən belə işlərə başqa nəzərlə baxmaq mümkün deyil", - o bildirib.
ABŞ Senatı keçən həftə Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının başçılığı ilə Yəməndə vətəndaş müharibəsində hərbi əməliyyatlarına dəstəyə son qoyulmasına səs verib və səudiyyəli jurnalistin ölümünə görə vəliəhd şahzadə Məhəmməd bin Salmanın məsuliyyət daşığıdığını tanıyan qətnamə qəbul edib.
Səudiyyə Ərəbistanı "daxili işlərə hər hansı müdaxiləni rədd etdiyini" və Yəməndə siyasi həllin tapılması üzərində işlədiyini bildirib./Milli.Az
Sorğu
Yeni dizaynımız necədir?