Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü bildirib ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton Ankaradan ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasından öncə ölkənin şimal-şərqindəki kürd döyüşçülərinin təhlükəsizliyinə dair qarantiyalar tələb etməklə “çox ciddi səhvə” yol verir.
Boltonun bu həftənin əvvəli açıqlamalarını tənqid edən Ərdoğan deyib ki, Ankaranın Suriyadakı terror qrupları ilə bağlı “heç bir qarantiyaları” olmayacaq. Türkiyə ABŞ-a Ankaranın Suriya kürdlərinin Xalq Müdafiə Birləşmələri-YPG-nin təhlükəsizliyini təmin edəcəyi ilə bağlı söz verməkdən imtina edib.
Ərdoğan bu açıqlamaları Boltonun Ankarada hökumət rəsmiləri ilə məsləhətləşmələrindən sonra verib. Türkiyə prezidenti Ağ Evin milli təhlükəsizlik müşaviri ilə görüşməyib. Bolton bunun əvəzinə Ərdoğanın xüsusi müşaviri və sözçüsü İbrahim Kalın və müdafiə naziri Hulusi Akar da daxil olmaqla digər yüksək səviyyəli rəsmilərlə görüşüb.
İbrahim Kalın müxbirlərə deyib ki, “heç kəs Türkiyənin terror təşkilatı ilə bağlı qarantiyalar verəcəyini gözləməməlidir”.
Bolton Suriyanın şimal-şərqindəki kürd döyüşçülərinin təhlükəsizliyi ilə bağlı iki saata qədər müzakirələr aparmağa çalışıb. Boltonun sözçüsü Qarret Markis bildirib ki, ABŞ və Türkiyə hərbi rəsmiləri arasında danışıqlar çərşənbə axşamı günü davam etdiriləcək. Türkiyə və ABŞ NATO müttəfiqidirlər.
Türkiyə prezidenti uzun müddət ABŞ-ı İslam Dövləti qrupuna qarşı mübarizədə Suriyanın kürd YPG döyüşçülərini dəstəklədiyinə görə kəskin tənqid edib. Ankara YPG-ni terrorçu qrup və Türkiyə ərazisində kürd muxtariyyəti uğrunda döyüşən PKK-nin qolu hesab edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?