Türkiyənin xarici işlər naziri bazar ertəsi səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlini təhqiq edən BMT eksperti ilə görüşüb.
BMT-nin təhqiqatçısı Aqnes Kallamard şənbə gününə qədər Türkiyədə olacaq. Bu müddətdə o, İstanbul şəhərinin baş prokuroru da daxil olmaqla, Türkiyənin bir sıra rəsmi nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.
Səudiyyə Ərəbistanı rəsmiləri Kallamardın Ər-Riyadın Türkiyədəki səfiri ilə görüş keçirmək və təhqiqatın bir hissəsi olaraq onun ölkəyə səfər etməsi ilə bağlı müraciətinə cavab verib-vermədiklərini təsdiq etməyiblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT eksperti ilə görüşdən sonra Twitter sosial şəbəkəsində mesaj paylaşıb.
Washington Post qəzetinin yazarı Camal Xaşuqci keçən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.
ABŞ-ın kəşfiyyat rəsmiləri qətlin Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın birbaşa əmri ilə edildiyinə inanır. Rəsmi Ər-Riyad bunu inkar edir. Xaşuqcinin hissələrə bölünmüş cəsədi tapılmayıb. Səudiyyə Ərəbistanı əvvəlcə onun konsulluğu sağ-salamat tərk etdiyini bildirib, lakin sonradan onun Səudiyyə Ərəbistanı rəsmilərinin bildirdiyi kimi “kobud əməliyyat” nəticəsində qətlə yetirildiyini bəyan edib.
Türkiyə Xaşuqcinin qətlinə əmrin Səudiyyə Ərəbistanı hökumətinin yüksək səviyyələrində verildiyini bildirir. Lakin Səudiyyə Ərəbistanı rəsmiləri qətlə vəliəhd tərəfindən əmr verilmədiyini bəyan etməyə davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?