İranda insan haqlarının durumu BMT-nin İnsan Hüquqları Şurasının bazar ertəsi günü Cenevrədə keçirilən iclasında kəskin tənqidlərə məruz qalıb. İran üzrə ekspert ölkədə fərqli düşününlərə qarşı təqiblər və uşaqlara ölüm hökmləri çıxarılmasını xüsusi qeyd edib.
Keçən ilin iyul ayından İranda insan haqlarının durumu üzrə xüsusi məruzəçi vəzifəsində olduğu müddətdə qərargahı Cenevrədə yerləşən şuraya ilk hesabatını təqdim edən Cavad Rəhman Tehranın insan hüquqları müdafiəçiləri, vəkillər və ölkə boyu keçirilən son etiraz nümayişləri və tətillərdə iştirak edən əmək hüquqları fəallarına qarşı “qorxutma, həbslər, cəzalar və pis rəftar kimi narahatlıq doğuran davranışını” vurğulayıb.
Xüsusi məruzəçi İranı dinc toplaşma və birləşmə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs edilənlərin hamısını azad etməyə çağırıb.
Cavad Rəhman İranda keçən il narkotik maddələrdən istifadə edənlərin edamlarının “əhəmiyyətli səviyyədə” azaltmasını alqışladığını deyib. Lakin o bildirib ki, hesabatda İranda 2018-ci ildə azı altı nəfər uşaq yaşlarında törədilmiş cinayətlərə görə edam edilib.
Cavad Rəhman İran hökumətini uşaq yaşlarında ölüm hökmü çıxarılmasına icazə verən qanunu ləğv etməyə və beynəlxalq qanuna riayət olunması üçün artıq çıxarılmış hökmləri dəyişməyə çağırıb.
İranın Cenevrədə BMT-dəki səfiri İsmayili Baqaye Həmaneh Cavad Rəhmanın hesabatını qınayaraq, şuraya sənəddə “saxta və absurd intormasiyanın” olduğunu bildirib. O, İranı idarə edən islamçı ruhanilərin insan haqlarını “əxlaqi və dini vəzifə” kimi qoruyub təşviq etdiklərini və Tehranın BMT-nin insan haqları məsələləri üzrə müxtəlif rəsmiləri ilə ünsiyyəti davam etdirəcəyini deyib.
Vyanada yaşayan iranlı insan hüquqları fəalı Həsən Nayebhaşem bazar ertəsi günü BMT-nin İnsan Hüquqları Şurasının iclasında iştirak edib və səfir Həmanehin açıqlamalarını tənqid edib. O, Amerikanın Səsinə bildirib ki, bir tərəfdən Rəhmanı qeyri-dəqiq hesabat hazırlamaqda ittiham edib, digər tərəfdən onun məlumat toplamaq üçün ölkəyə girişinə imkan verməməklə İranın mövqeyində uyğunsuzluq müşahidə edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?