Dünən – mayın 1-də venesuelalılar müxalifət lideri Xuan Quaydonun çağırışına səs verərək küçələrə çıxsalar da, prezident Nikolas Maduronu devirmək asan məsələyə oxşamır. “Reuters” agentliyi ölkədəki böhranın getdikcə daha çox siyasi çıxmaza girdiyini yazır.
Quaydo Venesuela tarixində “ən böyük yürüşə” çağırmışdı, “Twitter”də yazırdı ki, Maduronu devirməyin “sonuncu mərhələsində” “milyonlarla venesuelalı” küçələrə axışıb.
Ancaq artıq axşama doğru paytaxt Karakasda etirazçıların çoxu evlərinə çəkilib. Milli Qvardiya küçələrdə qalanların üzərinə gözyaşardıcı qaz buraxıb.
Yerli hüquq müdafiə təşkilatları Karakasda bir gənc qadının başından aldığı güllə yarasından dünyasını dəyişdiyini bildirib. Quaydo da bunu “Twitter”də təsdiqləyib.
Venesueladakı qarşıdurma Birləşmiş Ştatlarla Rusiya arasındakı gərginliyi artırıb. Hər ikisi bir-birini OPEC üzvü olan bu ölkənin işlərinə müdaxilədə ittiham edir.
Quaydo ordunu onu dəstəkləməyə çağırsa da, silahlı qüvvələrin rəhbərliyi Maduroya sadiqdir. O, keçmiş prezident Uqo Çaves 2013-cü ildə vəfat edəndən sonra hakimiyyətə gəlib.
“Səbirli olmaq lazımdır”
“Reuters” yazır ki, indiki məqamda Quaydonun küçə etirazlarının təşkilindən savayı nə edə biləcəyi bəlli deyil. İndiyədək müxalifət nəhəng etirazlar təşkil edib, ancaq onu devirmək mümkün olmayıb. Ölkəni isə dərin iqtisadi geriləmə, hiperinflyasiya qoynuna alıb.
Agentliyin söhbətləşdiyi etirazçılar Maduronun devrilməsinin uzun müddət çəkəcəyinə hazır olduqlarını deyiblər. “Davam etməliyik. Son üç ayda Quaydo onların 20 ildə etmədiyini görüb və səbirli olmaq lazımdır”, – 52 yaşlı tibb bacısı Layla Amezquita deyib.
Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər ölkələr Quaydonu Venesuelanın aralıq dövr prezidenti kimi tanıyıb. Maduronu isə Rusiya, Çin, Kuba dəstəkləyir.
ABŞ prezidenti Donald Tramp administrasiyası Maduro hökumətinə sanksiyalar qoyub, hərbi müdaxiləni istisna etməyib, eyni zamana dinc keçidə üstünlük verdiyini bildirib.
“Hərbi addım mümkündür. Tələb olunarsa, Birləşmiş Ştatlar bunu edəcək”, – dövlət katibi Mayk Pompeo “Fox Business Network”ə söyləyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 1-də Pompeoya deyib ki, Venesuelada əlavə “aqressiv addımlar” ağır nəticələr doğuracaq.
Maduro dövlət qurumlarına nəzarəti saxladığından Quaydo hökumətin başına keçə bilmir. Quaydo dünən deyib ki, işdə fasilələr vermək, bunu ümummilli tətilə çevirməklə bağlı təklifi nəzərdən keçirəcək.
Etirazçılardan 70 yaşlı kiçik sahibkar Karlos Alberto deyib: “Bu rejimdən yorulmuşuq, bizi qəddarcasına var-yoxdan çıxarıb. Övladlarım, demək olar bütün ailəm Venesueladan köçüb... Bilirik ki, bu gün də olmasa, sabah olacaq, çünki bu bitməlidir”. (RFE/RL)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?