Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda ittiham olunan sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək Zakir Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Zakir Məmmədov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsini və təqsirləndirilən şəxsin məhkəmə zalından həbs edilməsini istəyib.
Məhkəmə prosesi iyunun 3-də davam edəcək.
İttihama görə, Zakir Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həbsdə olan Elvar Xəlilov həbsxanadan ona zəng edib. Elvar Xəlilov Zakir Məmmədovdan həbsdən çıxmasına kömək etməsini istəyib.
Elvar Xəlilovun cinayət işi üzrə istintaqı isə Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov aparırmış. Elvar Xəlilov həyat yoldaşından 4 min manatı Zakir Məmmədovla birlikdə müstəntiq Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib. Amma bu iş alınmayıb.
İşin alınmamasının isə ilginc səbəbi var. Belə ki, müstəntiq Vüqar Abbasov həmin ərəfədə iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işini araşdırırmış.
Rəhim sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla şəhid qızını vururaq öldürmüşdü. Vüqar Abbasov isə işi gizlədərək, qəzanı guya Rəhimovların sürücüsünün törətdiyini qeyd edərək, Rəhim Rəhimovu məsuliyyətdən kənarda qoymağa çalışıb.
Məsələ ictimailəşdirildikdən sonra müstəntiq Vüqar Abbasovun əməlləri ifşa olunmuşdu. O, vəzifəsindən qovulduqdan sonra ölkədən qaçıb və hazırda axtarışdadır.
Həbsdə olan E.Xəlilov azadlığa çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Z.Məmmədov özünü təqsirli bilməyib və bu işdə nəyisə həll etmək səlahiyyəti olmadığını, yalnız E.Xəlilovun xahişini yerinə yetirdiyini deyib.
Qeyd edək ki, E.Xəlilovun adı başqa bir məhkəmə işində keçir. Həmin işdə də Elvar Xəlilov zərərçəkmişdir. Həmin işdə isə E.Xəlilov axtarışda olan Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun köməkçisi olmuş Elnur Babayevdən şikayətçidir.
E.Babayev, həmçinin "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimova qarşı dələduzluqda da ittiham edilir. Belə ki, Elnur Babayev Akif Rəhimovdan ümumilikdə, 52500 manat pul alıb. Bunun qarşılığında isə Elnur Babayev Akif Rəhimovun oğlunun törətdiyi ölümlə nəticələnən qəzanı ört-basdır edəcəkmiş.
Xatırladaq ki, 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub.
K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Oğlunun öldürdüyü 2 uşaq anasının qanını batırmaq istəyən Akif Rəhimov “Xırdalan Xəz” ASC-nin və “Yeganə” şadlıq sarayının sahibidir. Habelə başqa çoxsaylı obyektləri var. O, deputatlığa namizəd də olub.
Qəzada ölən K.Ələkbərova isə Qarabağ müharibəsində şəhid olmuş Elton Ələkbərovun qızıdır. Bu hadisə geniş ictimai rezonans doğurmuşdu və nəticədə biznesmenin oğlun həbs etmişdilər. Lakin hazırda həmin gənc azadlıqdadır, çünki barəsində yüngül cəza verilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?