Avropa Şurasının sədri Donald Tusk təklif olunan namizədlərin heç birinə dair razılığa gəlinməməsi səbəbindən Avropa Komissiyasının yeni rəhbəri olmağa namizədin razılaşdırılması üzrə məsləhətləşmələrə ara verməyə məcbur olub.
Gundemxeber.Az xəbər verir ki, D.Tusk dünən gecə Brüsseldə keçirilən növbədənkənar Avropa İttifaqı (Aİ) sammitində 28 ölkənin hər birinin dövlət və hökumət başçısı ilə fərdi məsləhətləşmələr aparıb. Bundan sonra bu gün səhər məsləhətləşmələr geniş formatda yenidən davam etdirilib. "Reuters" agentliyinin bildirdiyinə görə, çətinliklərin yaranmasına səbəb "Vışeqrad qrupu" ölkələrinin (Polşa, Macarıstan, Slovakiya və Çexiya) hollandiyalı sosial-demokrat Frans Timmermansın namizədliyini rədd etməsi olub. Onun namizədliyi kompromis fiqur kimi Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təsdiqlənmişdi. "Reuters" mənbələrinə istinadən xəbər verir ki, D.Tusk F.Timmermansın lazımi dəstəyi qazanmadığını görərək daha üç nəfərin, o cümlədən Dünya Bankının prezidenti Kristinal Georgiyevin namizədliyini təklif edib. Onlardan heç biri dəstək qazanmayıb. Daha əvvəl isə Almaniya kansleri Angela Merkelin dəstəklədiyi favorit - almaniyalı politoloq Manfred Veber namizədlər sırasından çıxmışdı. Qeyd edək ki, Aİ ölkələrinin dövlət və hökumət başçıları sammitdə Avropa Komissiyasının mövcud rəhbəri Jan-Klod Yunkerin xələfi ilə yanaşı, Avropa Şurasının yeni sədrini və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsini seçməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?