ABŞ dövlət katibi Türkiyə hakimiyyətini Rusiyadan alınan "S-400" zenit-raket sistemlərini işə salmamağa çağırıb.
ABŞ rəsmisi rəsmi Vaşinqtonun bu barədə mövqeyini “Bloomberg Television” kanalına müsahibəsində səsləndirib.
“Əlavə sanksiyalar artıq nəzərdə tutulur. Lakin düzünə qalsa, biz bu “S-400”-lərin heç işləməməsini arzu edirik. Bu, bizim məqsədimiz və aylardır ki, türklərlə danışdığımız mövzudur. Onlar bəzi tərkib hissələrinin tədarükünə başlayıblar və biz həmin qərarın yenidən gözdən keçirilməsini istəyirik”, - deyə dövlət katibi qeyd edib.
Maykl Pompeo Türkiyə rəsmiləri ilə görüşdə “S-400”-lərin aktivasiyasının yolverilməz olduğunu onların diqqətlərinə çatdırdıqlarını vurğulayıb.
Qeyd olunur ki, bundan daha öncə prezident Donald Tramp Türkiyəyə sanksiyaların tətbiq olunmasına qarşı çıxdığını bəyan etmişdi. O, respublikaçı senatorlarla çərşənbə axşamı keçirilən qapalı iclasda öz mövqeyini çatdırıb.
Lakin bununla bərabər Ağ Ev rəhbəri Türkiyənin Rusiyadan raket əleyhinə müdafiə sistemi almasına görə “F-35” qırıcı təyyarələrinin hazırlıq proqramına buraxılmayacağını bəyan edib.
Dövlət katibinin “S-400”-lərlə bağlı qeydləri nüfuzlu senator Lindsi Qremin mövzu ilə bağlı söylədikləri ilə üst-üstə düşür. Cənubi Karolinalı senator, prezident Donald Trampın xahişi ilə bu mövzu ətrafında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə söhbət etdiyini bildirib.
“Əgər türklər “S-400”-ləri işə salmasalar, sanksiyalar olmayacaq. Mən bu yöndə Türkiyə tərəfini inandırmağa çalışıram”, - deyə Lindsi Qrem ABŞ müdafiə naziri ilə görüşdə bəyan edib.//Musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?