"Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə çalışır. O, hazırkı konsepsiyanı yararsız hesab edir və düşüncəsində haqlıdır. Çünki o 2016-cı il aprel savaşı Ermənistan ordusunda böyük qüsurlar ortaya çıxartdı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı”.
Gundemxeber.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib: “Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib. Burada bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, yeni konsepisya 2016-cı il aprel müharibəsinin təkrarına yol verməməlidir. İkincisi, strategiyanın əsas şüarı budur: “Peşəkar generallar qələbəni müharibəsiz də əldə edirlər”. Üçüncüsü isə yeni strategiyanın əsas komponentlərindən biri də “yumşaq gücdən” istifadədir”. E.Şahinoğlu qeyd edib ki, Paşinyanın məqsədi aydındır: “Erməni cəmiyyəti müharibə və itki istəmir. Ona görə də Paşinyanın təlimatıyla hazırlanan təhlükəsizlik konspesiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil. Çünki “müharibə istəmirəm” tək bir tərəfdən asılı olan məsələ deyil. Əgər sənin qarşındakı ordu kiçik də olsa, növbəti hücum əməliyyatı planlaşdırırsa, sən istəməsən belə döyüşə girməlisən. Bu isə hər iki tərəfdən itki deməkdir. Paşinyanın və onun hökümətinin ən qorxduğu da elə budur. Aprel savaşının nəticələri birinci mərhələdə Ermənistan ordusunda ciddi silkələnməyə, ikinci mərhələdə isə Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxartdı. Paşinyan eyni taleni yaşamaq istəmir”. Politoloqun fikrincə, Paşinyanın planlarını pozacaq yeganə güc Azərbaycan ordusunun növbəti həmləsi ola bilər: “Bu halda, Ermənistanın təhlükəsizlik konsepsiyasındakı hər 3 maddə - “aprel müharibəsinin təkrarlanmaması”, “qələbəni müharibəsiz əldə edən generallar” və “yumşaq güc” mənasız söz yığnağına çevriləcək və İrəvan yeni konsepsiyadan da imtina etməli olacaq. Ona görə də Bakıdan Paşinyana ciddi siqnallar göndərilməlidir ki, Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından keçir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?