“Türkiyə və Rusiya prezidentləri artıq neçənci dəfədir ki, Suriyanın İdlib şəhərinə görə görüşür və mövcud vəziyyətdən çıxış yolları axtarırlar.
Azərbaycanla sıx əlaqələri olan Türkiyə və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinə görə bircə dəfə də ayrıca müzakirə aparmayıblar”.
Qeyd edək ki, bu iddia ilə tanınmış ekspert Elxan Şahinoğlu çıxış edib:
“Ancaq buna görə günah onlarda yox, bizdədir. Günah bizdədir ki, torpaqlarımızın işğalını uzadan sakitliyi pozmuruq, danışıqların imitasiyası var, buna görə də mövzumuzu aktuallaşdıra bilmirik.
Görünür, bölgədə lokal müharibə olmalıdır ki, dostlaşan Ərdoğanla Putin İdlib kimi Dağlıq Qarabağ münaqişəsinin həllini də müzakirə etsinlər…”.
Maraqlıdır, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həllinə biganə yanaşmasının səbəbi nədir?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın təkidindən sonra Dağlıq Qarabağ problemini gündəmə gətirə biləcəyini, hələki məsələnin onun maraq dairəsində olmadığını vurğulayıb:
“Hələlik bu müzakirələr üçün münbit şərait yetişməyib. Hazırda Rəcəb Tayyib Ərdoğan ərəblərin, fələstinlilərin dərdini çəkir. Digər tərəfdən kürd məsələsinə başı qarışıb.
Dağlıq Qarabağ məsələsi hələki onun yadına düşmür. Arabir bizi sakitləşdirmək üçün qulağımızı oxşayan sözlər deyir. Amma bütövlükdə bu problemlə ciddi surətdə məşğul olunmur. Bu insanın bu cür davranışı, siyasi dünyagörüşü var. Problemlərə yanaşması bundan ibarətdir.
Birinci, Fələstin, Qüds və sonra kürd problemi, daha sonra da nə vaxtsa biz təkid edəriksə, Dağlıq Qarabağ problemini gündəmə gətirə bilər. Bu davranışa Türkiyənin siyasi maraqları demək də olmur, çünki ölkənin siyasi marağı Türk dünyası ilə əlaqələrin genişləndirilməsidir. Bunu əgər ölkənin siyasi maraqlarının prioritetlərindən biri hesab etmirlərsə, daha deyiləcək bir söz qalmır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?