Rusiya və Ukrayna liderləri gələn həftə ilk dəfə üz-üzə görüşəcəklər. Bu görüş Parisdə Ukraynanın şərqində hökümət qüvvələri ilə Rusiya tərəfdarı üsyançılar arasında beş ildir davam edən müharibəyə son qoymaq məqsədilə keçiriləcək Avropa sammiti çərçivəsində baş tutacaq.
Ukrayna höküməti beş ildir Ukraynanın şərqindəki Donbas regionunda rusiyalı separatçılara qarşı döyüş aparır. Bu döyüş nəticəsində 13 mindən çox ukraynalı həyatını itirib.
Kreml bu müddət ərzində özlərini “könüllü”adlandıran rusiyalı əsgərlərin iştirak etdiyi müharibənin bir hissəsi olmadığını təkid edib.
Avropa qüdrətləri isə dəfələrlə zorakılıqlara son qoymağa çalışsalar da, bunu etməkdə müvəffəq olmayıblar.
İndi isə bu məsələyə yeni oyunçu daxil olub: Volodimir Zelenski.
Televiziya serialında canladırdığı prezident obrazı ilə tanınan Zelenski bu ilin əvvəlində əsl seçkilərdə qalib gələrək Ukraynanın prezidenti seçilib.
Onun seçicilərə əsas vədi Ukraynada müharibəyə son qoymaq idi. Rusiyalı təhlilçilər isə deyir ki, Kreml bunu diqqətə alıb.
“O, sülh vəd edib. Bu, onun seçki kampaniyasındakı əsas vədlərindən biri idi və o bu vədini yerinə yetirməyə çalışır. Yəni indi biz Ukrayna tərəfindən yeni çevikliyə şahidik. Bu çeviklik onlara xüsusi məsələrlə bağlı bir neçə razılıq əldə etməyə imkan verib”, Rusiya Beynəlxlaq Məsələlər Şurasından Andrey Kortunov bildirir.
Onların əldə etdiyi uğurlar arasında ötən sentyabr ayında baş tutan kütləvi məhbus mübadiləsi var.
Daha sonra Rusiya bir il öncə ələ keçirdiyi Ukraynanın üç donanma gəmisini Kyivə geri verib. Kyiv isə Moskvanı gəmiləri təmir olunmaz vəziyyətə gətirməkdə ittiham edib.
Lakin Rusiyada aparılan rəy sorğuları orada “Zelenski effektinin” olduğunu göstərir, çünki Rusiyada Ukraynanı qəddar kimi təsvir edən dövlət propaqandası nəticəsində Ukraynaya qarşı yaranan sərt münasibət artıq yumşamağa başlayıb.
“O burada, Rusiyada populyar fiqurdur. O, bir neçə il əvvəl Moskvada televiziya oyunlarında oynayıb. Onun imici keçmiş prezidentdən fərqli olaraq daha yaxşıdır”,Moskva sakini Sergey bildirir.
“Rusiyada bu performansları, filmləri görən, onun zarafatlarına gülən milyonlarla insan var. O, gülməlidir. Düşmən isə gülməli olmamalıdır. Düşmən qorxuducu olmaldır. Zelenski də qorxuducu deyil”, Moskva Sosial-İqtisadi Elmlər üzrə Ali Məktəbdən Boris Kaqarlitski bildirib.
Bu arada isə Zelenski başqa siyasi çətinliklərlə üzləşir. Onun Moskva ilə sülh əldə etmək səyləri Ukraynadakı militant gücləri ondan uzaqlaşdırıb.
Vaşinqtondakı impiçment dinləmələrindəki rolu isə ABŞ-ın Ukraynaya dəstəyini Zelenskinin bu dəstəyə ən çox ehtiyacı olduğu zaman sual altına alıb.
Çətinliklər nəzərə alındıqda hər iki tərəf Paris danışıqlarında iki ölkə arasında Rusiya nefti və qazının UkraynAdan Avropaya ötürülməsi ilə bağlı razılığın əldə olunacağına işarə edir.
Bu isə etimadın bərpası yolunda atılan kiçik, amma mühüm bir addımdır.
Sorğu
Yeni dizaynımız necədir?