İranın general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq bu gün səhərə yaxın İraq ərazisindəki Amerika aviabazalarına endirdiyi raket zərbələrinə dair görüntülər yayılıb.
Türkiyənin rəsmi “Anadolu” agentliyinin yaydığı fotolara əsasən raketlərdən bəziləri hədəfə çatmayıb və ətraf ərazilərə düşüb, partlamayıb. Habelə kadrlarda İraq hərbçilərinin Ayn əl-Əsəd aviabazası yaxınlığında İran raketlərinin parçalarını topladığı da görünür.
İraqın şimalındakı regional kürd administrasiyası İran raketlərindən ən azı ikisinin Ərbil aerodromu ərazisinə düşdüyünü, daha iki raketin isə Erbil vilayətinin Berdereş qəsəbəsi ətrafında partladığını, mülki sakinlər arasında ölən və yaralananların olmadığını açıqlayıb.
İraq mənbələri xəbər verir ki, Ayn əl-Əsəd bazasına atılan raketlərin bəzi parçaları bazanın yaxınlığındakı Əl-Bağdadi kəndinin ətrafına düşüb.
◀▶ Bazanın özündə ölən və yaralananlarla bağlı ABŞ hələlik rəsmi açıqlama ilə çıxış etməyib. Bununla belə Pentaqondakı mənbələr anonimlik şərti ilə agentliklərə bildiriblər ki, Amerika və beynəlxalq koalisiya hərbi personalı arasında itkilər yoxdur. Ancaq araşdırmalar davam edir.
Xatırladaq ki, İran 300 kilometr mənzilli Fateh-110 ballistik raketləri tətbiq edib. Amerika bazalarına İraq Müdafiə Nazirliyinin bildirdiyinə görə, 23 raket atılıb. Amerika mənbələri isə 15-ə yaxın raket haqda bəhs edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?