Səudiyyə Ərəbistanı bazar günü ölkə boyu karantin rejimini zəiflədib, lakin Məkkədə və koronavirusun yayılmasının qarşısının alınması məqsədilə təcrid edilmiş yaxınlıqdakı qəsəbələrdə komendant saatını saxlayıb. Bu barədə dövlətə məxsus SPA xəbər agentliyi məlumat verib.
Səudiyyə Ərəbistanı həmçinin Çinlə 9 milyon test keçirilməsinə dair razılıq imzalayıb. Səudiyyə Ərəbistanında koronavirusa 17 522 yoluxma halı və 139 ölüm halı qeydə alınıb.
Bu, Körfəz Əməkdaşlıq Şurasına üzv altı ölkə arasında ən yüksək rəqəmlərdir. Üzv ölkələrdə koronavirusa 46 000 yoluxma və 258 ölüm halı qeydə alınıb.
Məkkə və ətrafda karantin rejiminin tətbiq edildiyi yerlərdə mayın 13-nə qədər komendant saatı səhər saat 9-la axşam saat 5 arasında zəiflədilib. Müsəlmanların oruc tutduğu Ramazan ayı cümə günü başlayıb.
Krallığın göstərişinə əsasən, topdansatış və pərakəndə satış mağazaları və ticarət mərkəzləri də daxil olmaqla çərşənbə günündən may ayının 13-nə qədər bəzi iqtisadi və ticari fəaliyyətlərə icazə veriləcək.
Gözəllik salonları və kino-teatrlar kimi fiziki məsafə saxlanmasının mümkün olmadığı yerlər bağlı olaraq qalacaq. Beş nəfərdən artıq şəxsin toplaşmasına icazə verilmir.
Ər-Riyad rəsmiləri pul əskinaslarından istifadə edilməməsi ilə bağlı əlavə tövsiyələr verib.
Açılan mağazalarda 10 kvadrat metrdə bir nəfərdən artıq müştəri olmamalıdır. Ticarət mərkəzləri hər 24 saatdan bir deznfeksiya edilməlidir və 15 yaşından aşağı uşaqların buraya daxil olmasına icazə verilməməlidir.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, beynəlxalq və daxili uçuşların dayandırılması da əlavə məlumat verilənə qədər qüvvədə qalır.
Səudiyyə Ərəbistanında uçuşlar martın ortalarından dayandırılıb, lakin bəzi Səudiyyə şirkətləri xarici vətəndaşların ölkəni tərk edə bilməsi üçün xaricə uçuşları davam etdirir.
Səudiyyə Ərəbistanı Çinlə 9 milyon test keçirilməsi üçün 995 milyon Səudiyyə rialı (264 milyon ABŞ dolları) dəyərində razılıq imzalayıb. Sənədə əsasən, ölkə boyu altı laboratiya qurulacaq və Səudiyyə Ərəbistanının tibbi personalına təlim vermək üçün Çindən mütəxəssis ölkəyə gələcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?