Bu gün iyulun 10-na keçən gecə İranda, Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar baş verib.
Gecə saat 2 radələrində baş verən partlayışlar Tehranı sarsıdıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən partlayışlar İnqilab Keşikçiləri Korpusunun Tehrandan qərbdə, Qarmadareh və Qüds rayonlarında yerləşən raket anbarlarında baş verib. Partlayışlardan dərhal sonra Tehranın bir çox rayonlarında işıqlar sönüb. O cümlədən Qüds və Şəhriyar rayonlarında da elektriklər kəsilib, bu rayonlarda yarımstansiyaların partladığı bildirilir.
Habelə bildirilir ki, İranın aerokosmik qüvvələri hansısa təyyarəyə və ya pilotsuz uçan aparata qarşı iki “yer-hava” tipli raket tətbiq edib. Digər təfərrüatlar hələlik məlum deyil.
Xatırladaq ki, İranda son günlər bir-birinin ardınca sirli partlayışlar baş verir. İyulun 2-də Natanz nüvə mərkəzində zənginləşdirilmiş uran əldə etmək üçün istifadə edilən qaz ehtiyatlarının saxlanıldığı bina partlayıb. Bundan əvvəl isə İnqilab Keşikçiləri Korpusunun Parçin hərbi bazasında partlayış olub. Həmin bazada İran yeni silahların, o cümlədən ballistik raketlərin işlənib hazırlanmasını həyata keçirir. “The New York Times” Natanzda baş vermiş partlayışın İsrail diversiyası olduğunu yazıb. Küveyt mənbələri isə bildirir ki, İsrail Parçin bazasına F-35 qırıcısı ilə zərbə endirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?