Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya növbəti videomüraciətlə çıxış edib.
“YouTube”da yayılan müraciətində o bildirib ki, milli lder rolunda çıxış etməyə hazırdır:
“Mən məsuliyyəti üzərimə götürməyə və bu mərhələdə milli lider rolunda çıxış etməyə hazıram ki, ölkə sakitləşsin, normal ritmə qayıtsın, bütün siyasi məhbuslar azad olunsun, qısa müddətdə yeni prezident seçkilərinin təşkili üçün şərait və qanunvericilik bazası hazırlansın. Real, azad və şəffaf seçkilər keçirməliyik ki, dünya ictimaiyyəti tərəfindən birmənalı qəbul olunsun”.
S.Tixanovskaya son hadisələrdə həlak olanların adlarını küçələrə verməyə çağırıb. “Qəhrəmanlarımızı dəfn etdiyimiz bu günlərdə mən sizinlə birlikdə ağlayıram. Günahsız öldürülən gənc insanlar ölkəmiz üçün böyük itkidir. Biz onların ailələrinə dəstək verməliyik. Gələcəkdə onların adını küçələrə verməliyik, onlar daim bizim yaddaşımızda qalmalıdır”, – deyə o, söyləyib.
Hazırda S.Tixanovskaya Litvadadır.
Xatırladaq ki, avqustun 10-da Minsk şəhərində 34 yaşlı etirazçı Aleksandr Taraykovski OMON-çuların atəşi nəticəsində həlak olub. Qomel şəhərində isə milis tərəfindən saxlanılan 25 yaşlı gənc ürəktutmasından ölüb.
Bu gün Aleksandr Lukaşenko MZKT (Минский Завод Колесных Тягачей) zavodunda kollektiv qarşısında çıxış edib. O çıxış edərkən fəhlələr “Uxodi” (Get) deyə qışqırmağa başlayıblar. Lukaşenko ilə fəhlələr arasında belə bir dialoq olub:
– Siz ədalətsiz seçkilərdən danışırsız və ədalətli seçki keçirmək istəyirsiz?
– Bəli.
– Cavab verirəm: biz artıq seçki keçirmişik. Siz məni öldürməyincə, başqa seçki olmayacaq!
Traktor zavodunun işçilərinin MZKT fəhlələrinə dəstək üçün oraya irəliləməyə başladığı xəbəri gəldikdən sonra Lukaşenko helikopterə əyləşərək uzaqlaşıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?