ABŞ-ın qərbindəki Kaliforniya ştatında 14 min yangınsöndürən təxminən 890 min hektardan çox ərazini əhatə edən 25 meşə yanğını ilə mübarizəni davam etdirir.
Rəsmilər çərşənbə günü güclü küləklərin ölkənin qərb hissəsində rekord həddə çatan istilər nəticəsində onsuz da əhəmiyyətli dərəcədə artan yanğınları daha da alovlandıra biləcəyi barədə xəbərdarlıq edib.
Üç həftədir davam edən yanğınların böyük hissəsinin söndürülməsinə baxmayaraq, ştat tarixində qeydə alınan ən böyük üç yanğından ikisi San-Fransisko körfəz bölgəsinin şimalında davam edir.
Son iki gündə yanan Siyerra meşəsində ilişib qalan yüzlərlə insan vertolyotlar vasitəsilə xilas edilib. Kaliforniyanın mərkəzində 45-i yaşayış evi olmaqla, 365 tikilinin yanaraq, dağıldığı bildirilib.
ABŞ-ın Meşə Xidmətinin bildirdiyinə görə, alov Kaliforniyanın mərkəzi Los-Padres sahilindəki yanğınsöndürmə stansiyasını məhv etdikdən sonra 14 yanğınsöndürən təcili yardım sığınacaqlarına getməyə məcbur olub.
Sinoptiklər Cənubi Kaliforniyanın yanğınların davam etdiyi Los Angeles, San Bernardino və San Diego bölgələrində çərşənbə günü isti və quru küləyin sürətinin saatda 80 kilometrdən çox olacağını proqnozlaşdırır.
Yanğınlar minlərlə kaliforniyalını evlərini tərk etməyə məcbur edib. ABŞ-ın Meşə Xidməti Kaliforniyanın cənub hissəsinin yarısını əhatə edən səkkiz milli meşəni və bütün kempinqləri bağlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?