Təbriz Bələdiyyəsi Məzarlıqlar İdarəsinin açıqladığı məlumata əsasən, Təbriz şəhərində Covid-19-dan ölənlərin sayı digər səbəblərdən ölənlərin sayını aşıb.
“Ardıcıl üç gündür ki, Təbriz məzarlığında dəfn edilənlər arasında koronavirusdan ölənlərin sayı digər ölüm hallarını aşır,” məzarlıqlar idarəsinin müdiri Fərrux Cəlali çərşənbə günü mətbuata açıqlayıb.
Təbriz icra başçısı Behruz Məhdəvi isə hazırda Təbrizdə koronavirus səbəbilə günlük ölüm sayının 30 nəfərin üstündə olduğunu qeyd edib.
Hazırda Təbriz məzarlığında cənazə və dəfn mərasimlərinin keçirilməsi yasaqdır. Cəlali “dəfn işlərinə ən çox 10 nəfərin qatılmasına” icazə verildiyini bildirib.
Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi keçən həftə koronavirusla əlaqədar yeni məhdudiyyətlərin tətbiq edilməyə başladığını açıqlamışdı.
Yeni tədbirlərə əsasən, “şagirdlərin məktəbə getməsi, əhalinin parklar və təbiət qoruqlarında toplaşması və hər hansı konfransın keçirilməsinə qadağa qoyulacaq. Sərgilərin təşkili ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək. Cənazə və dəfn mərasimləri, həmçinin evlərdə və məscidlərdə yas mərasimlərinin təşkili yasaqlanacaq. Restoranlar və kafelər qapadılacaq.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?