Baş nazir Nikol Paşinyana qarşı birləşən etirazçılar onun postundan gedəcəyi günü gözləyirlər.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də bildirmişdi ki, növbədənkənar seçki keçirməyə, xalq ona etimad göstərməsə, hətta postundan getməyə hazırdır.
Həmçinin müxalifəti bu məsələ ətrafında məsələhətləşmələr keçirməyə dəvət etmişdi. Ermənistan müxalifətçiləri Paşinyanın bu addımını səmimi qəbul etmir və hələ də onun postunu tərk etməsinə qarşı dirəniş göstərirlər.
Digər tərəfdən, Ermənistan mətbuatında Paşinayana qarşı sui-qəsd planının hazırlanması ilə bağlı da məlumatlar dolaşır.
Siyasi şərhçi Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistandakı gərginlik həm də müəyyən ziddiyyətlərə dolu duruma çevrilib:
“Əslində buna qarşı çıxış edən partiya liderləri kütləni geniş şəkildə yığa bilmirlər. Bir var ki, on minlərlə insan küçələrə çıxır və etiraz edir. Bir də var ki, cəmi 5 min nəfərdən ibarət bir neçə partiyanın fəal və üzvlərindən ibarət etiraz olur. Bu, ona işarə edir ki, Paşinyana hələ də həm siyasi qüvvələr, həm də xalq tərəfindən dəstək var. Əvvəlki etirazlar müəyyən dərəcədə səngiyib. Bunu nəzərə alan Paşinyan yeni parlamant seçkilərinin keçirilməsini təklif edir. Düzdür, ona qarşı çıxış edənlər də var. Hər halda fikrimcə, Paşinyan gec-tez hakimiyyəti tərk edəcək. Onu bir çox siyasətçilər xəyanətkar hesab edir və bu yöndə çıxışlar səsləndirirlər. Amma bu, yaxın gələcəyin işi deyil və müəyyən perspektivdə ola bilər. Onu da nəzərə alaq ki, Rusiya hal-hazırda Paşinyanı dəstəkləyir. Bu, o deməkdir ki, Paşinyan Rusiyanı tam qane edir. Çünki o, üçtərəfli bəyanata imza atıb və Paşinyanın bəyanatı sonadək yerinə yetirməyini Rusiya çox istəyir. Moskva bunda maraqlıdır. Digər tərəfdən, görünür, Moskvanın yeni ssenarisi və Ermənistana rəhər konkret namizədi də yoxdur. Bu baxımdan, Moskva da hələlik gözləmə vəziyyətindədir və bu, hiss olunur. Rusiya istəsəydi, Ermənistanda müəyyən proseslər cərəyan edə bilərdi”.
Paşinyana sui-qəsd planının işə düşməsinə gəlincə, politoloq bunu da istisna etməyib:
“Ermənistanda Paşinyana qarşı sui-qəsd və təxribatla bağlı müxtəlif fikirlər yayılır. Hətta müxtəlif qruplaşmaların Paşinyana qarşı çıxışları da var. Əlbəttə ki, bunu istisna etmək olmaz. Paşinyandan narazı olan insanların sayı kifayət qədərdir. Qarabağda ölən hərbçilərin valideynləri, doğmaları, onları dəstəkləyən hərbçilərin belə bir duruma düşməsi Paşinyanın aradan götürülməsinə gətirib çıxara bilər. Yəni ona sui-qəsd planı istisna olunmur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?