ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Şofer – ABŞ) aprelin 13-də bəyanat yayıblar.
“Həmsədrlər məmnuniyyətlə atəşkəs rejiminin möhkəmləndiyini qeyd edirlər və tərəflərin 9 noyabr 2020-ci ildə əldə etdikləri sazişin yerinə yetirilməsini diqqətlə izləyirlər. Həmsədrlər həlak olanların cəsədlərinin qaytarılmasında böyük nailiyyətləri və münaqişə nəticəsində köçürülmüş şəxslərin yerləşdirilməsində davam edən irəliləyişi, humanitar yardım verilməsini və lazımi həyat şəraitinin təmin edilməsini, habelə bütün regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasına yönəlmiş konstruktiv müzakirələri alqışlayırlar.
Həmsədrlər tərəflərə xatırladırlar ki, qalan problemli məsələlərin həlli və möhkəm sülhə şərait yaradan qarşılıqlı etimad mühitinin yaradılması üçün əlavə səylərə ehtiyac var. Buraya bütün hərbi əsirlərin və digər saxlanılan şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq qaytarılması, münaqişə bölgəsinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, dini və mədəni irsin qorunub saxlanması və münaqişənin toxunduğu icmalar arasında birbaşa əlaqələrin və əməkdaşlığın qurulması, habelə insanlar arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş digər tədbirlər daxildir.
ATƏT-dəki mandatlarının şərtlərini və bütün region xalqlarının sabit, dinc və firəvan gələcəyə can atdığını diqqətə alaraq, həmsədrlər qeyd edirlər ki, tərəflərə yaxşı məlum olan elementlər və prinsiplər əsasında yekun hərtərəfli və sabit nizamlanmaya nail olunmasına xüsusi diqqət yetirilməlidir.
Bununla əlaqədar həmsədrlər tərəfləri həmsədrlərin himayəsi altında yüksək səviyyəli siyasi dialoqu mümkün qədər tez bərpa etməyə çağırırlar. Onlar tərəflərin qeyd-şərtsiz, onların prioritetlərini əks etdirən gündəliyə birgə baxa və onu razılaşdıra bilmələri üçün onların himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrar edirlər.
Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən fəaliyyətinə və missiyasının genişləndirilməsi mümkünlüyünə qəti dəstəklərini ifadə edirlər və tərəfləri onun səylərinə tam dəstək verməyə çağırırlar. Həmsədrlər qiymətləndirmə və vasitəçilik funksiyalarını yerinə yetirmək üçün regiona, o cümlədən Dağlıq Qarabağa və ona bitişik rayonlara səfərləri bərpa etməyə hazır olduqlarını qeyd edirlər. Bununla əlaqədar həmsədrlər onların mandatlarına və əvvəlki təcrübəyə uyğun olaraq səfər marşrutları üzrə maneəsiz girişi və maksimum hərəkət rahatlığını təmin etmək tələbini tərəflərə xatırladırlar”, deyə bəyanatda bildirilir. /turan/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?