Tacikistanla sərhəddəki silahlı münaqişə nəticəsində Qırğızıstanın 31 vətəndaşı həlak olub.
“Report” “Sputnik Qırğızıstan” agentliyinə istinadən xəbər verir ki, bunu Qırğızıstanın səhiyyə və sosial inkişaf nazirinin birinci müavini Aliza Soltonbekova aprelin 30-da keçirilən brifinqdə bildirib.
Saat 18:00-a (Bakı vaxtı ilə saat 16:00-a) olan məlumata görə, xəsarət alanların ümumi sayı 154 nəfərə çatıb.
43 yaralı təyyarə ilə Bişkekdəki tibb müəssisələrinə çatdırılıb. İki yaralının vəziyyəti ağırdır.
Ancaq Tacikistan ölən və yaralananların sayını rəsmi formada açıqlamayıb. Ölkənin İsfara şəhərinin İcra Hakimiyyətindəki mənbə “Asiya-Plus” agentliyinə bildirib ki, silahlı toqquşmalarda təxminən 10 qırğız ölüb, 90 nəfər yaralanıb. Tacikistanın rəsmi qurumları bu məlumatı nə təsdiq, nə təkzib edib.
09:42Qırğızıstan ilə Tacikistan sərhəddində aprelin 29-da baş verən silahlı münaqişə nəticəsində hər iki tərəfdən ölənlərin sayı 20 nəfərə çatıb.
“Report” “24.kg” saytına istinadən xəbər verir ki, Qırğızıstan tərəfdən 13, Tacikistan tərəfdən isə 7 nəfər ölüb.
Hər iki tərəfdən 150 nəfərdən çox yaralı var.
Qeyd edək ki, aprelin 29-da iki ölkənin sərhəd rayonlarının mülki vətəndaşları arasında başlamış insident sonradan qırğız və tacik hərbçiləri arasında silahlı toqquşmaya çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib.
Ötən gecə saatlarında hər iki ölkə atəşkəs elan etmək və silahlı qüvvələrini geri çəkmək barədə razılığa gəlib.
Bu arada Qırmızı Aypara təşkilatı xəbər verib ki, qırğız hökuməti Tacikistanla sərhəddəki toqquşma bölgəsindən 2 726 yerli sakini təhlükəsiz yerlərə təxliyə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?