Ermənistan Xarici İşlər Nazirliyinin iki aydır boş qalmış rəhbəri postuna, nəhayət, təyinat oldu. “Yeni Müsavat”ın məlumatına görə, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 1-ci müavin təyin edilib. Onun bir müddət sonra nazir təyin olunacağı gözlənilir.
Qriqoryan Paşinyanın komandasında “Soros uşaqları”ndan sayılır. Əvvəlki vəzifəsi zamanı ABŞ-da səfərdə də olub. Ancaq peşəkar diplomat deyil. Sadəcə, Paşinyana, onun siyasi kursuna sadiq adamdır. Bu təyinatn Rusiyanın ürəyincə olmadığı bəllidir. Moskva, ola bilsin, əsas güc strukturlarının kimlərə həvalə ediləcəyini gözləyir. Paşinyan hakimiyyətinin Qərbpərəstlərdən təşəkkül tapması, təbii ki, Moskvanı razı sala bilməz.
Azərbaycana gəldikdə, bu təyinatın əhəmiyyəti var. Əvvəlki XİN başçısı Ara Ayvazyan qeyri-konstruktiv, radikal mövqe sərgiləyirdi, hətta Paşinyanla yola getmirdilər, fikirləri haçalanırdı. Bu mənada Qriqoryan onun tapşırıqlarına biət edə bilər.
Görünür ki, Ermənistan hökumət başçısı Azərbaycanla münasibətləri tənzimləmək, sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinin açılması üçün normal komandasını formalaşdırmağa çalışır.
Erməni KİV-lərinin yazdığına görə, Ermənistan xarici işlər naziri postuna namizəd axtarışı davam edir və Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu məsələ ilə bağlı dalana dirənib. O, bu vəzifəyə namizəd tapa bilmir. “Müxtəlif adlar səslənir: buraxılan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Ruben Rubenyan, parlamentin spikeri Ararat Mirzoyan, Baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan və hətta Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın da adı var”, - “Hraparak” nəşri yazıb.
Qeyd olunur ki, sonuncunun nazir kimi təyinatı Rusiya və ABŞ tərəfindən də təsdiqlənəcək. Lakin müharibədəki məğlubiyyətin günahkarının Xarici İşlər Nazirliyinə gətirilməsi erməni cəmiyyəti tərəfindən xarici siyasətdəki yaxınlaşan məğlubiyyətlərin bir siqnalı kimi qəbul ediləcək: “Ararat Mirzoyan nazir vəzifəsindən imtina edib. Mqer Qriqoryan da ”siyasətdən kənar" baş nazirin müavini statusunda özünü yaxşı hiss edir, Xarici İşlər Nazirliyinə getməyə və siyasi məsuliyyəti bölüşməyə meyilli deyil".
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda XİN postuna hansı dünyagörüşünə malik kadrın təyinatı Azərbaycan üçün əhəmiyyətli amildir. Onun fikrincə, istər XİN başçısı, istər güc strukturlarını idarə edənlərin şovinizmdən, xəstə erməni millətçiliyi təfəkküründən uzaq olması lazımdır: “Ancaq belələlərini tapmaq çox çətindir. Bəlkə ”Sorosun yetirmələri"ndən kimsə çıxa bilər. Yəni onlar proseslərə ümumdünya pəncərəsindən baxa bilər. Sadəcə, ermənilərdə beləsini lupa ilə tapmaq olar".
Q.Hüseynli istisna etmir ki, Qriqoriyan nazir təyin oluna bilər: “Əvvəl müavin təyin edir, sınaqdan keçirir, sonra nazir qoyur. Paşinyana xəyanət edənlər oldu. Keçmiş nazir Ara Ayvazyanın isə nə mükəmməl təhsili var idi, nə diplomat kimi böyük təcrübəsi. Üstəlik, həddindən artıq millətçi idi. Halbuki atası azərbaycanlı idi. Amma Paşinyanın xarici siyasətini dalana dirədi. Bu vəzifədə kompromisə getməyi bacaran nazir olmalıdır”.
Politoloqun sözlərinə görə, Paşinyan hökuməti təşkil etmək məsələsini Rusiyadakı dairələrlə razılaşdırmalıdır: “Ondan sonra baş nazirin özü baş skripkaçı kimi orkestri arxasınca aparmağı bacarmalıdır. Əgər qeyri-kompromis addımlar atmağa başlasalar, vəziyyəti regionda gərginləşdirəcəklər. Sadəcə, Paşinyanın başı daşdan-daşa dəyib”.
Siyasi ekspert Ramiyyə Məmmədova hesab edir ki, Paşinyan XİN rəhbəri postuna onun sözünü eşidən bir namizədi təyin edəcək: “Çünki qarşıda həll edilməli ciddi məsələlər var və onun hansısa nazirin nazı ilə oynamaq, kaprizlərinə dözmək fikri yoxdur. Paşinyan istəyir ki, Azərbaycanla münasibətlərdə atılacaq addımları komandası ilə razılaşdıranda problemlə qarşılaşmasın, kimsə ona əngəl olmasın. Ayvazyan bu tip idi və özü də etiraf edib ki, Paşinyanla yola getməyiblər, fikirləri üst-üstə düşməyib. Eyni zamanda həmin kadr Rusiya ilə əlaqələrdə peşəkar olmalıdır. Azərbaycan tərəfi istəyər ki, Ermənistanın Xarici İşlər Nazirliyi konstruktiv mövqe bildirsin. Amma biz, hələ ki, bunu görmürük, hətta ”Dağlıq Qarabağın statusu həll olunmayınca, sülh müqaviləsi olmayacaq" deyə absurd bəyanatlar verirlər".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?