Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi təcavüzünün başlamasından bir aya yaxın vaxt keçsə də bu əməliyyatlara kimin rəhbərlik etdiyi hələ də ABŞ-a məlum deyil. Gundemxeber.Az xəbər verir ki, ABŞ-da məsələ ilə bağlı məlumatlı mənbələr bu haqda CNN-ə bildiriblər.
Pentaqonun iki nümayəndəsinin sözlərinə görə, ali komandan olmadan Rusiyanın müxtəlif hərbi dairələrindən cəlb edilmiş bölmələr belə görünür ki, öz hərəkətlərini koordinasiya etmirlər və resurslar uğrunda yarışırlar. Ukrayna ərazisində müxtəlif əməliyyat istiqamətlərində döyüşlərə cəlb edilmiş bölmələr hələ də birləşə bilməyiblər və faktiki olaraq hər hansı əməliyyat planı olmadan hərəkət edirlər.
Mənbələr deyiblər ki, rusların rabitə ilə bağlı da ciddi problemləri var. Əsgərlər və komandirlər bəzən adi mobil telefonlardan istifadə edirlər və bir-birləri ilə qorunmayan rabitə kanalları ilə əlaqə saxlayırlar. Bu da ukraynalı döyüşçülərə onların danışıqlarını tutmağa, yerlərini müəyyən etməyə və əks-zərbələr vurmağa imkan verir.
Mənbələr qeyd ediblər ki, bütün bunlar yerlərdə xaotik əməliyyatlara gətirib çıxarıb. Bu da amerikalı və digər qərbli rəsmiləri təəсcübləndirib. “Hətta Rusiya Ukraynaya qarşı təcavüzə nəzarət etmək üçün nəzərə çarpmadan ali komandan təyin edibsə belə döyüş əməliyyatlarının gedişi həmin adamın bacarıqsız, qeyri-peşəkar olduğunu göstərir”, - mənbə bildirib.
ABŞ habelə Ukraynada Rusiya ordusunun çoxsaylı yüksək rütbəli zabitlərinin məhv edildiyini də qeyd edir, bu da onu göstərir ki, rusların qoşunlarında idarəetmə pozulub, komandanlıq sıradan çıxıb.
“Rusiyalıların “əməliyyatın” bütün gedişi ərzində komandanlıq və qoşunların idarə edilməsi ilə bağlı böyük çətinlikləri olub. Bu, qismən ukraynalı döyüşçülərin fəaliyyətləri ilə bağlıdır”, - CNN digər mənbəyə istinadən bildirir.
Məlumatda deyilir ki, yerlərdə bəzi hallarda Rusiya qoşunları səhra şəraitində öz komandirləri ilə əlaqəni itiriblər və nə edəcəklərini bilmirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?