Gundemxeber.az » Dünya » "Rusiyanın regionla bağlı böyük geosiyasi maraqları var" – Ekspert
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə gözlənilən görüşü barədə Oxu.Az-ın suallarını cavablandırıb.
Ekspertlə müsahibəni təqdim edirik:
- Aprelin 6-da Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan növbəti dəfə görüşəcəklər. Bu görüşdən öncəki mənzərə belə qənaət yarada bilərmi ki, həmin danışıqlar müsbət nəticə verəcək?
- Ermənistan tərəfinin mövqeyini təhlil etsək, görürük ki, onlar Azərbaycanın təklifindən imtina etmirlər. Ancaq əlavə məsələni gündəmə gətirmək istəyirlər. Söhbət Qarabağdakı ermənilərdən gedir. İrəvan indi Qarabağı ərazi məsələsi kimi yox, daha çox insan hüquqları kontekstində gündəmə gətirir. Gələcəkdə həmin konteksti sırf Azərbaycanın daxili məsələsi kimi müzakirə etmək olar. Bu təcrübə də var ki, Ermənistan öhdəliklərindən qaçır, bununla belə, Brüssel görüşündə müəyyən optimizm ola bilər.
- Ancaq Paşinyan hökumətin iclasında fərqli danışdı, bu, blef idi, yoxsa onun siyasi iradəsinin məhsulu idi?
- Ermənistanın birdən-birə hər şeyə hazır olacağını və razılıq verəcəyini söyləmək sadəlövhlük olardı. Paşinyan çıxış edərkən daxili auditoriyanı da nəzərə alır. Qarabağ bölgəsində də müəyyən gərginlik yaşanır. Paşinyanın çıxışlarını tam təxribatçı mövqe hesab etməsəm də, onun fikirlərində klassik erməni həyasızlığı ifadə olunurdu.
- Qərb sistemində yer alan Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə dair baxışı Rusiya və ABŞ-ın strateji baxışından müəyyən əlamətlərinə görə fərqlənir. Bu üç maraq kontekstində onların sülh sazişinə yanaşmasını necə şərh edərdiniz?
- Rusiyanın regionla bağlı böyük geosiyasi maraqları var. Hələ bəlli deyil ki, Rusiya Brüssel görüşünə necə yanaşacaq. Hazırda regionda böyük tektonik dəyişikliklər baş verir – Rusiya-Ukrayna müharibəsi, Rusiya-ABŞ münasibətləri və sair. ABŞ isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində aktiv deyil. Sizin verdiyiniz suala cavab olaraq deyə bilərəm ki, bu məsələdə daha çox Avropa İttifaqı və Rusiya ön plana çıxır.
- Avropa İttifaqının aktivliyini biz daha çox hansı ilə əlaqələndirməliyik: böyük siyasi ambisiyalarla, yoxsa böyük iqtisadi maraqlarla?
- Hər ikisi ilə. Təbii ki, Avropa İttifaqının regionda siyasi və iqtisadi maraqları var. Avropa İttifaqı bu iki amillə sülhə nail olmaq istəyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel çox aktivlik göstərir. Şəxsən mən Avropa İttifaqının mövqeyini alqışlayıram.
- Sizcə, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması Bakı-Moskva danışıqlarında müzakirə olunurmu?
- Rusiya sülhməramlıları hələ ki, Azərbaycan ərazilərindədir. Düşünürəm ki, bununla bağlı hər hansı mövqe dəyişikliyi hələ ki, yoxdur.
GUNDEMXEBER.AZ
14-05-2019, 11:52
28-02-2019, 11:26
19-10-2020, 19:34
2-10-2018, 14:26
31-05-2018, 15:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?