Cənubi Koreya rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi ABŞ və Cənubi Koreya “Şimali Koreyadan gələn təhlükəyə” qarşı son illərdəki birgə ən böyük hərbi təlimlərə başlayıb.
İki həftə davam edəcək ABŞ-Cənubi Koreya təlimlərinə Şimali Koreyanın Cənubi Koreyanın mühüm infrastrukturuna hücumlarına cavab da daxil olmaqla, müxtəlif ssenariləri simulyasiya edən təlim proqramları daxil olacaq.
İki müttəfiq 2017-ci ildən bəri Şimali Koreyanı danışıqlar masasına cəlb etmək səyləri çərçivəsində və koronavirus pandemiyası səbəbindən təlimləri azaldıb və ya təxirə salıb.
Bununla belə, may ayında vəzifəsinin icrasına başlayan Cənubi Koreya Prezidenti Yun Suk Yel bu il rekord sayda raket buraxılışı həyata keçirən Şimali Koreyanın qarşısını almaq üçün təlimləri artıracağına söz verib.
ABŞ və Cənubi Koreya təlimlərin müdafiə xarakteri daşıdığını desələr də, Şimali Koreya bunu işğala hazırlıq kimi qələmə verir və tez-tez bundan öz silahlarını nümayiş etdirmək və başqa təhdidlər etmək üçün fürsət kimi istifadə edir.
Bu il Şimali Koreya ABŞ-ı hədəf almaq üçün nəzərdə tutulmuş qitələrarası ballistik raketləri də daxil olmaqla, 30-dan çox raket buraxılışı həyata keçirib. Digər sınaqlarda ABŞ və Cənubi Koreyanın raket əleyhinə müdafiə sistemlərindən yayınmaq üçün nəzərdə tutulan qısamənzilli silahlardan istifadə edilib.
ABŞ və Cənubi Koreya rəsmiləri həmçinin Şimali Koreyanın istənilən an yeddinci nüvə sınağını keçirə biləcəyini və bunun Koreya yarımadasında gərginliyi kəskin şəkildə artıra biləcəyini deyib. Şimali Koreya 2017-ci ildən bəri nüvə silahını sınaqdan keçirməyib.
Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi keçən həftə bildirib ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın nüvə sınağının əvəzində bölgəyə “strateji aktivlər” yerləşdirməklə cavab verəcəkləri razılığına gəlib. “Strateji aktivlər” nüvə silahı daşıya bilən bombardmançı təyyarələr, nüvə enerjisi ilə işləyən sualtı qayıqlar və ya təyyarədaşıyanlar kimi silah sistemləri ola bilər.
Cənubi Koreyanın özünün nüvə silahı yoxdur. Lakin o, qorunmaq üçün ABŞ-ın “nüvə çətirinə” arxalanır. ABŞ-ın Cənubi Koreyada təxminən 28,500 əsgəri var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?