Təbrizin İran parlamentindəki nümayəndələri Məsud Pezeşkiyan və Əhməd Əlirza Beygi ölkədə əxlaq polisinin qadınların hicabına münasibəti ilə bağlı hökumətin hərəkətlərini tənqid edərək, hicab qanunlarına yenidən baxılmasını tələb ediblər.
İranın dövlət televiziyası ilə söhbətində Təbrizin İran parlamentindəki islahatçı nümayəndəsi Məsud Pezeşkiyan, Məhsa Əmininin ölümü ilə bağlı aydınlıq gətirilməsini istəyib. O deyib ki, mən yüksək ixtisaslı ürək cərrahıyam və təhsil həyatımda tapşırıqlar üzərindən irəliləməmişəm. Bir insanın belə öz-özünə tələf olması elmi baxımdan mümkün deyil.
"Mən nazir olanda Kanadadan gəlmiş bir jurnalist həbsxanada öldü. Hökumət mənə bu hadisəni araşdırmağı tapşırdı. Biz isə gedib dəyərləndirdik və bildik ki, bu adam həbsxanada döyülüb".
Məsud Pezeşkiyanın nəzərdə tutduğu jurnalist, kanadalı-İranlı vətəndaş Zəhra Kazemidir. O, İranda reportaj hazırlamaq üçün səfərdə olarkən, təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və nəhayət, 18 gündən sonra, 20 iyun 2003-cü ildə həbsxanada ölmüşdü.
Təbrizin parlamentdəki digər nümayəndəsi və fundamentalistlərə yaxınlığı ilə bilinən Əhməd Əlireza Beygi də parlamentdə daxili işlər nazirinin impiçment təklifini ortaya qoyub və bildirib ki, parlament impiçmentə müsbət yanaşsa, o, ilk imzalayanlardan biri olacaq.
Əlirza Beygi məcburi hicab qanununu və əxlaq polisini tənqid edib və bildirib ki, hökumət insanların geyiminə qarışmamalıdır. O, bununla bağlı deyib ki, insanlara nəyi geyinib nəyi geyinməməyi, necə yeriməyi, necə yeriməməyi və nə yeyib-yeməməyi deyə bilmərik.
Təbriz millət vəkili hökumətin vətəndaşların şəxsi işlərinə qarışmasını və gənclərin əxlaq polisi tərəfindən həbs edilməsini səhv olduğunu bəyan edərək deyib ki, bizim vətəndaşlarımızla davranışımızın nəticəsində gənclərimiz İranı öz xoşbəxtliklərini axtaracaqları yer kimi görmürlər. Ərbil, İrəvan kimi şəhərləri və İstanbulun küçələrini İrandan üstün tuturlar, xoşbəxtliyi, həyatı bu yerlərdə axtarırlar. Beygi, həmçinin hakimiyyətin bu şəkildə insanların şəxsi yaşamına müdaxilə etməyi gənclərin dindən uzaqlaşmasına gətirib çıxardığını söyləyib.
Tehranda əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümündən sonra ölkənin əksər vilayətlərində etiraz dalğası başlayıb və etirazçılar İranın dini lideri Əli Xamneyiyə qarşı şüarlar səsləndirib onun küçələrdə asılmış afişalarını yandırıblar. Ölkənin bəzi şəhərlərində hələ də, davam edən bu etiraz aksiyalarında xeyli sayda etirazçı həbs edilib, lakin Daxili İşlər Nazirliyi həbs olunanların dəqiq sayını hələ ki, açıqlamayıb. Buna baxmayaraq, İranın dövlət televiziyası İranda ölənlərin sayının 35 olduğunu açıqlayıb.
İran İslam Respublikası keçmişdə olduğu kimi interneti kəsib və vətəndaşların etirazlarla bağlı xəbərlərə çatımına mane olub.
İran Azərbaycanının Təbriz, Urmiyə, Ərdəbil, Məlikkəndi (Məlekan), Meşginşəhr və Zəncan kimi şəhərləri hökumətə qarşı xalq etirazlarının şahidi olub. Azərbaycanın şəhərlərində keçirilən mitinqlərdə etirazçılar tərəfindən "Diktatora ölüm", "Azadlıq, ədalət, milli hökumət" kimi şüarlar səsləndirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?