Etirazçılar İranın cənub-şərqindəki Sistan-Bəlucistan vilayətinin Taftan şəhərindəki qızıl mədənində işi ikinci dəfədir dayandırıb.
RasadBalochistan xəbər saytı mədənin qarşısına toplaşan insanların foto və videolarını dərc edərək, əlavə edib ki, izdiham mədəni bağlamağa nail olub.
Taftan qızıl mədəni İranın ən böyük qızıl mənbələrindən biridir. Yarı-rəsmi ILNA xəbər agentliyi mədəndə 24 milyon ton qızıl ehtiyatının olduğunun təsdiqləndiyini bildirib.
Buna baxmayaraq, Sistan-Bəlucistan hələ də İranın ən yoxsul vilayətlərindən biridir.
İranda gənc qadının baş örtüyünü yanlış örtməsi iddiası ilə polis nəzarətində olarkən ölümündən sonra vüsət almış kütləvi nümayişlər fonunda yayılan xəbərə hökumət rəsmiləri hələlik reaksiya verməyib.
Sistan-Bəlucistan vilayəti sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlara qarşı ən sərt repressiyalara səhnə olub.
Təhlükəsizlik qüvvələrinin mərkəzi məscidə və yaxınlıqdakı Böyük Mosallaya basqın edərək, ibadət edənləri atəşə tutduğu ölümcül zorakılıq hadisəsi də burada baş verib. Hüquq müdafiəçiləri reyd zamanı güllələrdən istifadə edildiyini bildirib ki, bu da təhlükəsizlik qüvvələrinin "öldürmək və ya ağır yaralamaq niyyətində olduğunu göstərir".
ABŞ-da yerləşən İran İnsan Haqları Sənədləri Mərkəzinin məlumatına görə, "Qanlı Cümə" adlandırılan gündə azı 94 nəfər həlak olub, 350 nəfər yaralanıb. Ölənlər arasında azı 13 azyaşlı uşaq da olub.
Aktivist Atena Daemi öz Twitter səhifəsində yazıb ki, Taftan qızıl mədəninin xalq tərəfindən bağlanması və İslam Respublikasına mədən işinə icazə verilməməsi "diqqət yetirilməli çox vacib xəbərdir", çünki bu, hakimiyyətə insanların geri çəkilməyəcəyinə dair mesajdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?