Rusiyanın mərkəzi bölgəsindəki iki aerodromda baş verən partlayışlar barədə xəbərlərdən sonra Rusiyanın növbəti raket zərbələrinə məruz qalan Kyiv və Ukraynanın digər şəhərlərinin sakinləri sığınacaq axtarıb.
Dekabrın 5-də ölkənin bir çox yerində hava hücumu sirenləri eşidilib. Rəsmilər insanlara "artıq atılmış" raketlərdən sığınmaq barədə xəbərdarlıq edib.
Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak Tvitter səhifəsində "Həyəcan siqnalına laqeyid yanaşmayın" deyib.
Sosial şəbəkələrdə yayılan xəbərlərdə paytaxt Kyivdə yüzlərlə insanın metro stansiyalarında sığındığı nümayiş etdirilib.
Kyiv vilayətinin qubernatoru Oleksiy Kuleba Telegram kanalındakı mesajında raketlərin "bölgəyə doğru irəlilədiyini" bildirib və insanlardan baş verənlərin fotoşəkillərini internetə yerləşdirməməyi xahiş edib.
Son həftələr Rusiyanın diqqəti Ukraynanın infrastrukturuna zərbələr endirməyə, Donetsk vilayətinin Baxmut şəhərində hücuma keçməyə və Ukrayna qüvvələrinin Rusiyanın işğalından 8 ay sonra azad etdiyi Xerson şəhərindəki obyektləri atəşə tutmağa yönəlib.
Dekabrın 5-də Ukraynadan təxminən 600 kilometr şərqdə, Saratov vilayətindəki Rusiya hərbi hava bazasında azı bir iri partlayış baş verib. Digər partlayış isə Moskvanın cənub-şərqində, Ryazan yaxınlığındakı aerodromda baş verib.
Engels və Saratov şəhərlərinin sakinlərinin sosial şəbəkələrdə paylaşdığı videolarda dekabrın 5-də yerli vaxtla səhər saat 6 radələrində Engels-2 avia-bazasında güclü partlayış baş verdiyini görmək olub.
Nə Ukrayna, nə də Rusiya hökuməti partlayışların mümkün səbəbləri barədə şərh verməyib.
Saratov qubernatoru Roman Busargin yerli sakinləri bu xəbərlər fonunda sakit olmağa çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?