Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Donetsk regionunun şərqində Rusiya ilə hərbi əməliyyatların getdiyi cəbhə xətti yaxınlığında Ukrayna hərbçilərini ziyarət edərək, Moskvanın bütün qüvvələrini ölkədən çıxaracağını vəd edib.
“Bu möhkəmlik və gücə görə sizə təşəkkür edirəm. Siz müstəqilliyimizin ön mövqeyindəsiniz,” Zelenski Telegram kanalında onun hərbçilərlə görüşü və onlara mükafatlar təqdim etməsini əks etdirən kadrların yayımlandığı mesajında yazıb.
Zelenski həmçinin mühasirəyə alınmış Baxmut yaxınlığında Ukrayna qüvvələrinin nəzarətində olan Slovyanskdan hərbçilərə video müraciət ünvanlayıb.
“Hamı sizin gücünüz və bacarığınızı görür... Mən sizin valideynlərinizə minnətdaram. Onlar əsl qəhrəmanlar yetişdiriblər,” Zelenski Ukrayna Silahlı Qüvvələri Günündə video müraciətində bildirib.
Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Ukraynanın digər yerlərində uğursuzluqlarından sonra Donbasda möhkəmlənmək üçün Baxmut ətrafında döyüşlərin getdiyini bildirir.
Rusiya ölkə daxilində strateji obyektlərin ikinci gündür dron hücumlarına məruz qaldığını bildirib. Bununla belə, Ukrayna zərbələr endirdiyini etiraf etməyib.
Regionun qubernatorunun sözlərinə görə, bir incident zamanı Rusiyanın cənuda Ukrayna ilə həmsərhəd olan Kursk vilayətində hava limanında pilotsuz təyyarənin obyekti vurmasından sonra yanğın baş verib. Rusiya müstəqil mediası isə dronların Ukrayna sərhədindən 80 kilometr aralıda yerləşən sənaye zavodunu vurduğunu haqda məlumat verib.
Rusiya rəsmiləri son zərbəyə görə dərhal Ukraynanı günahlandırmayıb, lakin yeni hücumlar Moskvanın Kyivi Rusiyada yerləşən iki hava bazasına presedenti olmayan oxşar zərbələr endirməkdə ittiham etməsindən bir gün sonra baş verib.
Rusiya qüvvələrinin Ukrayna ərazisinə yeni raket zərbələri dalğası ilə cavab verməsi evlərə və binalara zərər dəyməsi, dinc sakinlərin ölümü ilə nəticələnib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?